Moderator.az bir neçə gün bundan əvvəl əsərləri oğurlanan, plagiatçılığın qurbanı olan Azərbaycan alimləri haqqında mlumat vermişdi. İndi isə eyni aqibəti yaşayan bir neçə Şərq, müsəlman müdriki haqqında yazacağıq:
Fəxrəddin Razi - XII əsrin görkəmli fars filosofu tibb elminin dühalarından biri olub. O, məntiq, riyaziyyat, astronomiya sahəsində bir sıra kəşflər edib. Əsas və oğurlanmış kəşfləri isə bunlardır: cazibə qanunu (Sonradan İsaak Nyutonun adı ilə bağlanıb) insan orqanizmində qızılca və çiçək xəstəlikləri. Təəssüflər olsun ki, bu gün cazibə qanunu deyəndə ancaq Nyuton yada düşür.
Qütbəddin Şirazi - XII əsrin böyük filosof, təbib və diplomatı olan Qütbəddin Şirazi 1263-cü ildə İranın Şiraz şəhərində anadan olub. Nəsirəddin Tusinin ən yaxın silahdaşlarından və tələbələrindən sayılan Qütbəddin Şirazinin Qərb elminə təkan vermiş ixtirası göy qurşağının varlığı və onun elmi yöndən təsnifatıdır. Sonradan onun əsas əsərləri Şam, Bağdad kimi Şərq şəhərləri ilə yanaşı, Roma, Florensiya, London kimi Avropanın mərkəzi şəhərlərinə gedib çıxdı. Həmin nadir əsərlərdən istifadə edən İtaliya alimləri çox təəssüf ki, Tusinin bu tələbəsini xatırlamadılar.
Ömər Xəyyam - əsasən şair olaraq tanınsa da, böyük alim kimi də dünyaya səs salıb. Aşiqanə rübailəri və eşqə aid qəzəlləri onun yaradıcılığının ikinci planında yer alır. O, əslində çox böyük riyaziyyatçı və astronomdur. Dünya elminə təsir etmiş kəşfləri isə bunlardır: həndəsədə Binom düsturu, səma cisimləri barədə helosentrik nəzəriyyə. Elə təkcə bu ikisinin adını çəkmək kifayətdir ki, çoxlarının “sərxoşların şairi” adlandırdığı Xəyyamın bir çox Avropa alimlərini qabaqladığını görə bilək. Onun səma cisimləri haqqındakı nəzəriyyəsi dünyaca məşhur polyak astronom Kopernik üçün dərslik olub.
Məhəmməd Əl Xarəzmi - IX əsrdə yaşamış alim dəqiq elmlər sahəsində əsl inqilab edib. Sıfır rəqəmindən istifadə onun adı ilə bağlıdır. Ali riyaziyyatın təməl nöqtəsini də o qoyub. Etdiyi riyazi kəşflər və hesablamalar modern texnologiyanın təməl nöqtəsi sayılır.
Əl Fərabi - X əsrdə yaşayan türk əsilli filosof , riyaziyyatçıdır. Elmdə Aristoteldən sonra “İkinci müəllim” adını qazanıb. Onun dövlətçiliyə və məntiqə aid kəşfləri indi də Avropa elmi nəzəriyyəsində aktuallığını qoruyub saxlayır. Lakin o, modern fizikada səs tezlikləri və səs dalğalarının fiziki şərhini verən alim kimi daha çox tanınır.
İbn Rüsd - XI əsrin böyük ensiklopedik alimi Qərbdə Averros kimi tanınır. Belə ki, onun tibb , fiqh, məntiq elmlərinə gətirdiyi yeniliklər Avropa alimlərinin bilik mənbəyinə çevrilib. O, zamanında elə tibbi kəşflərə imza atıb ki, onları ancaq çağdaş texnologiya ilə yerinə yetirmək mümkün idi. Ən böyük kəşfi isə gözdəki torlu qişanın ixtirasıdır.
Mövlana Cəlaləddin Rumi - XII əsrin böyük övliyası, mövləvilik cərəyanının banisi olan Rumi hazırda dünya təfəkkür tərzinə təsir etmiş 5 böyük insan sırasındadır. O, fəlsəfə, psixologiya sahələrində elə kəşflərə imza atıb ki, Avropa ancaq XIX – XX əsrlərdə onları tətbiq edə bilib. Ziqmund Freydin psixoanalizini də bu sıraya aid etmək olar.
İbn Sina - Nəinki Şərq, eləcə də dünya tibbinin atası sayılan İbn Sina Avropanı 700 ildir ki, özünə məftun etməkdə davam edir. Avropada Avissena kimi tanınan alim “Şəfa“ kitabında yalnız müasir texnologiya ilə mümkün olan elmi kəşflərə imza atıb. Zəmanəsinin dahi təbibi adlandırılan İbn Sina müasir cərrahi metodların təməl nöqtəsini qoyub. Həmçinin daxili xəstəliklərin profilaktika və müalicəsi də onun adı ilə bağlıdır.
Siyahını istənilən qədər uzatmaq olar… Dəyişməyən isə bir həqiqət var: Günəş hər zaman Şərqdən doğub. Qərb isə o zaman olduğu kimi bu gün də Şərq işığının kölgəsində bərq vurmaqdadır. Ziyası sönən Şərq təkcə keçmişini bərpa etməklə öləziməkdə olan Günəşini bərpa edə bilər. Bu isə hər şeyin yenidən başlanması deməkdir…
Elmin Nuri
































































































