Anklav kəndlərimiz hərbi yolla azad olunacaq? – Elman Nəsirovdan AÇIQLAMA 

Hazırda oxunan: Anklav kəndlərimiz hərbi yolla azad olunacaq? – Elman Nəsirovdan AÇIQLAMA 

182384

Azərbaycanın Qazaxın 7 və Naxçıvanın Kərki kəndi olmaqla 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. Lakin Ermənistan Baş naziri Nikol Paşinyan son açıqlamalarında bu məsələ ilə bağlı absurd fikirlər səsləndirib. Nikol Ermənistanın Azərbaycana verəcəyi hər hansı kəndinin olmadığını bildirib.

Bu vəziyyət belə düşünməyə əsas verir ki, Ermənistan lideri bu məsələdə də nala-mıxa vurmaqda maraqlıdır. Çünki daha əvvəl Paşinyan Azərbaycanın Ermənistan ərazisində anklav kəndlərinin olduğunu dəfələrlə etiraf edib.
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalı: "İşğalda olan kəndlərimizi hərbi əməliyyatlarla azad etməliyik"


Ermənistan Baş nazirinin birdən-birə öz fikirlərini təkzib etməsi isə kəndlərimizin sülh yolu ilə geri qaytarılması ehtimalını azaldır.

Bəs, 8 kəndimiz hərbi yolla azad oluna bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov düşünür ki, anklav kəndləri məsələsinin dinc yolla nizamlanması ehtimalı kifayət qədər böyükdür: 

“Azərbaycanın 8 kəndi bu gün də Ermənistanın işğalı altındadır. Bunlar Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndidir. BMT nizamnaməsinin 51-ci maddəsini əsas götürərək, Azərbaycan öz torpaqlarını istənilən, o cümlədən hərbi yolla geri qaytarmaq hüququna malikdir.

Çünki ərazisi təcavüzə məruz qalıb. Azərbaycan çalışır və istəyir ki, bu proses qansız-qadasız, sülh və danışıqlar yolu ilə həll olunsun. 

Ermənistanın siyasi-hərbi rəhbərliyi iki dəfə kapitulyasiyaya imza atıb. Onlar doğrudanmı üçüncü dəfə kapitulyasiyaya imza atmaq həvəsindədirlər? Ermənilər dərk etmirmi ki, Azərbaycanla hərb, güc dililə danışmaq mənasızdır? Bu ermənilər üçün özünüməhvə bərabər addım olacaq. 

Düşünürəm ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu dəfə düzgün qərar çıxaracaq və Azərbaycanın 8 kəndinin azad edilməsi sülh yolu ilə reallaşacaq”. 

Deputat Paşinyanın son açıqlamaları ilə bağlı da fikirlərini bölüşüb:

“Paşinyan verdiyi son bəyanatında İrəvanın Azərbaycana heç bir ərazi vermək niyyətində olmadığını, haqqında söhbət gedən Azərbaycana qaytarılacaq kəndlərin isə Ermənistan kəndləri olmadığını vurğulayıb. Bununla faktiki olaraq etiraf edib ki, hələ də işğal altında olan Azərbaycan kəndləri geri qaytarılmalıdır, çünki onlar Ermənistan kəndləri deyil. Bu reallıqları nəzərə almaqla hesab edirəm ki, həmin məsələnin dinc yolla tənzimlənməsi ehtimalı kifayət qədər böyükdür”. 

Deputat bildirir ki, əks halda proses Ermənistan üçün faciəvi sonluqla yekunlaşmaqla, tamamilə fərqli ssenari üzrə inkişaf edə bilər: 

“Ermənistan torpaqları geri qaytarmazsa, belə olan halda bütün məsuliyyət Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşəcək. Azərbaycan məcburi addım kimi istənilən yoldan, o cümlədən hərbi yolldan istifadə hüququnu özündə saxlayır və bu heç bir halda beynəlxalq hüququn pozulması anlamına gəlmir. 

Həmin durumda BMT nizamnaməsinin 51-ci və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasının məcburi olduğu barədə 25-ci maddələr əsas götürüləcək. İrəvan ağlını başına yığıb, düzgün, ən optimal qərar qəbul etməlidir. Bu isə məsələnin danışıqlar yolu ilə tənzimlənməsindən keçir”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO