Zakir Əliyevin istefası artıq Milli Şurada yarpaq tökümünə start verdiyi anlamına gəldi və bir çoxları belə hesab edir ki, bu proses davamlı olacaq. Bundan qaçmaq üçün görəsən hansı önləyici tədbirlər görülməlidir? Sədr Aparatından başqa daha hansı işlək struktur yaradılmalıdır ki, qurum güclənərək bütün ölkəni əhatə etsin?
Moderator.az bütün bu suallara cavab almaq
üçün qurumun ən sanballı üzvlərindən birinə müraciət edib. Beləliklə, Vidadi
Mirkamal yaranmış durumu şərh edir:
“Zakir Əliyev adlı şəxsin MŞ-nı tərk etməsi bu
birlikdə ab-hava yarada bilməz. Çünki bu şəxsin MŞ-da olub-olmaması indiyədək
hiss olunmayıbsa, bundan sonra da hiss olunmaz və bu MŞ-da yarpaq tökümü sayıla
bilməz. Amma mən də dəfələrlə qeyd etmişəm ki, MŞ-nın sıraları ora təsadüfi
düşmüş şəxslərdən təmizlənməlidir.
İkincisi, MŞ-nın Koordinasiya Şurası tezliklə
yaradılmalıdır ki, MŞ işlək orqana çevrilə bilsin və sessiyalararası dövrdə bu
orqana rəhbərliyi həyata keçirsin. Yoxsa bu birlikdə dedi-qodular və yersiz
ittihamlar səngiməyək. MŞ-nın sıraları da təmizlənməli və onun sıraları
ziyalılar və gənclərin hesabına gücləndirilməlidir.
MŞ-nın yerli orqanları təxirə salınmadan
yaradılmalıdır. Bunsuz MŞ-nın xalqla yaxınlaşması və fəaliyyəti mümkünsüz
olardı. MŞ-nın komissiyalarının yaradılması başa çatdırılmalı və komissiyaların
fəaliyyəti canlandırılmalıdır. Yalnız bu işlərin görülməsindən sonra MŞ vahid
orqanizmə çevrilə bilər və İctimai Palatanın buraxılması məsələsi gündəmə gətirilə
bilər.
Siyasi və vicdan məhbuslarının müdafiəsini də
MŞ öz üzərinə götürməli və vahid mərkəzdən idarə olunmasını təşkil etməlidir.
MŞ-ya daxil olan siyasi partiyalar və qurumlar
bir-birinə qarşı ittihamların səsləndirilməməsi və birgə mövqe sərgiləmək
haqqında öhdəlik götürməlidirlər. Yalnız bu halda MŞ-nın monolitliyinə nail
olmaq olar.”






































































































