Məlumat üçün bildirək ki, bu ilin əvvəllərindən başlayaraq ölkədə artan siyasi fəallığın avanqardı olan müxalif gənclərə qarşı hakimiyyət orqanları tərəfindən aramsız təqib və təzyiq kampaniyası aparılır. Bu təqiblərin nəticəsi olaraq təkcə bu il ərzində yüzə yaxın müxalif düşüncəli insanlar həbsə atılıb ki, bunların da əksəriyyətini gənclər təşkil edir. Görünür, ölkədə gənclərin siyasi fəallığının artması hakimiyyət orqanlarını ciddi narahat edir. Hakimiyyət orqanları hətta təqiblər üzündən ölkəni tərk etmiş müxalifətçilərin, o cümlədən ADP-çilərin ailə üzvlərini də rahat buraxmır.
Belə ki, verilən məlumata görə ADP-nin aktiv gənc üzvü olaraq davamlı təqib və təzyiqlərə məruz qaldığına və həbs olunma təhlükəsi ilə üzləşdiyinə görə ölkəni tərk etmiş Elçin Əliyevin yaşadığı mənzilə ötən həftələrdə naməlum şəxslər tərəfindən telefon açılaraq onun harada olması ilə maraqlanmışlar. Elçinin harada olması ilə bağlı məlumat ala bilməyən şəxs onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş və təhdid etmişdir. Bu hadisədən bir neçə gün sonra iki nəfər mülki formalı şəxs Elçinin yaşadığı mənzilə gələrək onun yenə də harada olmasını soruşmuşlar. Evdə olan Elçinin ailə üzvləri onun harada olduğunu bilmədiyini bildirdikdə həmin şəxslər evdə qanunsuz axtarış aparmağa cəhd etmiş, buna etiraz edən Elçinin ailə üzvləri təhdid edilmiş, təhqirlərə məruz qalmışdır. Həmin şəxslər Elçini tapacaqlarını və zorla da olsa, polisə aparacaqlarını bildirib. Bu hadisədən Elçinin valideynləri psixoloji sarsıntı keçirib.
Məlumdur ki, Elçinin Əliyevin təqib olunması və ailə üzvlərinin təhdid edilməsi onun ADP-çi olaraq fəal siyasi mübarizəsi ilə əlaqədardır. Elçin Əliyev ADP-çi kimi partiyasının və müxalifətin son illər təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmiş, insanların partiya sıralarına cəlb olunmasında fəallıq göstərib. Keçirilən kütləvi aksiyalarda fəallıq göstərdiyinə görə polis və mülki geyimli şəxslər tərəfindən vəhşicəsinə döyülmüş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmış, qeyri-qanuni olaraq saxlanılmış və müxtəlif müddətlərdə inzibati qaydada həbs olunmuşdur. Şübhəzis, Elçin Əliyev kimi gənclərin fəallığı hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara qarşı daim təqib kampaniyası davam etdirilir.







































































































