Sumqayıt Şəhər Polis İdarəsinin yetkililəri Sumqayıt şəhər 2 saylı xəstəxananın yaxınlığında, məşhur “Diana” restoranı ilə üzbəüz dəniz sahilində yerləşən “Şuşa” düşərgəsində məskunlaşan məcburi köçkünlərə məxsus təndirxanaları dağıdıb. Bu barədə Moderator.az saytına özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, obyektlərin dağıdılması prosesinə şəhər polis idarəsinin rəis müavinləri rəhbərlik edib: “Şuşa” məcburi köçkün düşərgəsində məskunlaşan vətəndaşların magistral yol boyu inşa etdikləri təndir yerləri Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindənd ağıdılıb. Belə ki, bir neçə gün öncə ərazidəki təndirxanalara baxış keçirən polisə bu obyektlərdən çoxunun qanunsuz şəkildə fəaliyyət göstərdiyi bəlli olub. Məhz bu səbəbdən də obyektləri sənədləşdirmək, habelə burada istehsal edilən çörəklərin gigiyenik baxımdan təmiz olması ilə bağlı əlaqədar dövlət qurumlarından sənəd əldə etmək üçün məcburi köçkünlərə vaxt verən polis yetkililəri, verdikləri vədənin başa çatması ilə obyektləri dağıtmağa başlayıb. Ağır texnikanın vasitəsi ilə obyektlərin dağıdılması prosesi məcburi köçkünlər tərəfindən etirazla qarşılansa da, onların bu etirazı polis əməkdaşlarının söküntü prosesinə mane olmayıb. Hazırda məcburi köçkünlərin üzləşdikləri problemlə bağlı əlaqədar dövlət orqanlarına şikayət edəcəkləri gözlənilir”.
Elçin Mirzəyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.