Əvvəllər məktəblərdə şagirdlərin təkcə biliyi deyil, davranışı da qiymətləndirilirdi. Sinif jurnallarında və gündəliklərdə “‘davranış” sütunu olur, müəllimlər şagirdlərin intizamına ayrıca qiymət verirdilər. İllər keçdikcə təhsil sistemində aparılan islahatlar bu ənənəni tarixə çevirdi.
Bəs davranış qiymətləri nə vaxt və niyə ləğv olundu?
Davranış qiyməti uzun illər Azərbaycan məktəblərində tətbiq olunub. Xüsusilə sovet dövründə və müstəqilliyin ilk illərində şagirdlərə təkcə dərs göstəricilərinə görə deyil, intizam və davranışlarına görə də ayrıca qiymət verilirdi.
Təhsil sistemində kurikulum və yeni qiymətləndirmə modelinə keçidlə birlikdə bu qiymətləndirmə də aradan qaldırıldı. 2009-cu ildən sonra yeni qiymətləndirmə konsepsiyasına keçid olundu.
Hazırda ibtidai təhsildə qiymətləndirmə əsasən şagirdin bilik, bacarıq və təlim nailiyyətləri üzrə aparılır. Qiymətləndirmənin formaları diaqnostik, formativ və summativ qiymətləndirmələrdir.
Buna baxmayaraq, praktikada müəllimlər yenə də şagirdin intizamını, davamiyyətini, davranışını müşahidə edir, ümumi qiymətləndirmə zamanı nəzərə ala bilirlər.
Şəfiqə Şəfa, Bizim.Media


































































































