İctimai nəqliyyatda güzəştlər qayıdır? – Məktəblilər, tələbələr, təqaüdçülər...

Hazırda oxunan: İctimai nəqliyyatda güzəştlər qayıdır? – Məktəblilər, tələbələr, təqaüdçülər...

47125

Rusiya  Duması 7-16 yaşlı uşaqların ictimai nəqliyyatdan pulsuz istifadə etməyi təklif edib. Ekspertlərin fikrincə, bu doğru qərardır və qanunun tezliklə qəbul edilməsi gözlənilir. Fransada isə 4-11 yaşlı uşaqlara ictimai nəqliyyat pulsuzdur, bu qanun hətta turist və ölkədə yaşayan və vətəndaşlığı olmayanlara da aid edilir.

Çox uzağa deyil, elə qardaş Türkiyədə ölkənin nəhəng nəqliyyat sektorunda vətəndaşlara xüsusi imtiyazlar tətbiq edilir.

Ölkə də tələbələr, şagirdlər, təqaüdçülər və digər kateqoriyaya aid olan insanlar üçün güzəştlər var. Hətta imtiyazsız kart sahibləri belə 1-2  saat içində 3 və daha artıq ictimai nəqliyyatdan istifadə edərsə ödənişin bir hissəsi ona yenidən qaytarılır. Bu ölkə üzrə həm özəl, həm də dövlət nəqliyyat vasitələrinə aid edilir.
 

MÖVZU İLƏ BAĞLI:

“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB


Kimlər nəqliyyatdan pulsuz istifadə edə bilər?

Azərbaycanda da bir sıra şəxslərin ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüquqları var: Hazırda müntəzəm marşrut avtobuslarında 5 yaşa qədər uşaqlar, həqiqi hərbi xidmət keçən qulluqçular - yəni, əsgərlər və xidməti vəzifəsini yerinə yetirən polislər pulsuz istifadə edirlər.

2001-ci ildə ləğv olunan qanun...

Azərbaycanda bir zamanlar nəqliyyat sektorunda belə güzəştlər tətbiq olunsa da, sonradan bu qanun ləğv olunub. 2001-ci ilə qədər təqaüdçü və veteranlara  o zamanlar fəaliyyət göstərən Bakı Şəhəri İcra Hakimiyyəti Nəqliyyat departamenti tərəfindən xüsusi vəsiqə təqdim olunurdu, bu da həmin insanların ictimai nəqliyyatdan ödənişsiz istifadə etmək imkanı yaradırdı. Həmçinin şagirdlərə gediş-gəliş pulsuz, tələbələrə isə xüsusi güzəştlər var idi.

Bəs, hazırda ictimai nəqliyyat istifadəçiləri üçün hansısa xüsusi imtiyazlar nəzərdə tutulacaqmı?

Bu layihənin Azərbaycanda həyata keçirilməsi nə dərəcədə labüddür

Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev Bizim.Media-ya bildirib ki, bu cür sosial proqramlar hər zaman tələb olunandır.

Lakin...

“Ümumiyyətlə, hökümət, parlament hər zaman vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı müəyyən işlər aparmalıdır. Buna görə xüsusi qanunlar, qərarlar qəbul edilməli, sərəncamlar imzalanmalıdır. Ancaq hazırda bütün dövlət büdcəsinin gücü Qarabağda yenidənqurmaya istiqamətləndirilib. Bu baxımdan indiki halda bunun həyata keçirilməsinə mümkün olmasa da, gələcəkdə bu tam reallaşa bilər. Bu nəinki mümkündür, hətta lazımı bir addımdır”. 
 

Millət vəkili həmçinin qeyd edib ki, bu addım ilk növbədə uşaqların təhsil almasına kömək olacaq, çünki bu zaman uşaqlar məktəbə və digər təhsil ocaqlarına rahat şəkildə gedə biləcəklər.


“Düşünəndə ki, bəzən bir ailədən 2-3 uşaq eyni anda məktəbə gedir. Belə təşəbbüs ailə büdcəsinə, onun sosial rifahına müsbət təsir göstərəcək. Ona görə uşaqlar mütləq ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüququna malik olmalıdır. Bu dövlətin həmin uşaqlara qayğısının barzi nümunəsi ola bilər”.

Şagird, tələbə, təqaüdçülər...

Millət vəkili, iqtisadçı Vüqar Bayramovun fikrincə isə, ictimai nəqliyyatda Avropa ölkələrində olduğu kimi bəzi güzəştlərin tətbiq olunması çox təqdirə layiq addım olar.

“Avropa Birliyində, ABŞ və digər inkişaf etmiş və ya inkişafda olan ölkələrdə, müəyyən yaş kateqoriyadan olan insanlar, tələbələr, təqaüdçülərə, yaşı 17-yə qədər olan uşaqlara müəyyən güzəştlər var. Eyni zamanda həmin ölkələrdə həm günlük, həm də aylıq biletlərin alınması mexanizmləri tətbiq olunur. Bu səbəbdən düşünürəm ki, Azərbaycanda da ictimai nəqliyyatdan istifadə zamanı inkişaf etmiş ölkələrdə tətbiq edilən praktikadan istifadə olunması daha məqsədə uyğundur”.

İqtisadçı qeyd edib ki, bu ilk növbədə dünya praktikasından istifadə olunaraq şagird, tələbə və təqaüdçülər üçün tətbiq olunsa daha yaxşı olar. 

“Eyni zamanda yuxarıda sadaladığımız ölkələr kimi yalnız birdəfəlik deyil, həftəlik, aylıq ödəniş biletlərin tətbiq edilə bilər. Bu limitsiz biletlər qiymət baxımından nisbətən ucuz olur və bu da artıq təşviq edir ki, sərnişinlərin bir qismi müddətli biletlərə üstünlük versin. Düşünürəm ki, bu praktikanın Azərbaycanda tətbiq edilməsi yaxşı olardı”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO