Gənc filosoflardan maraqlı layihə - 90 dəqiqədə fəlsəfə - FOTO

Hazırda oxunan: Gənc filosoflardan maraqlı layihə - 90 dəqiqədə fəlsəfə - FOTO

15976

Sosial şəbəkələrdə bir qrup fəlsəfəçi gənc xarici dildəki kitabların Azərbaycan dilinə tərcüməsi ilə məşğul olur. Layihəni daha da maraqlı edən isə gənclərin bu tərcümələri kommersiya məqsədi güdmədən, tam təmənnasız şəkildə oxucularla paylaşmalarıdır.

Son günlərdə dördüncü tərcümə kitablarını da oxucularla paylaşan gənclər artıq bir ilə yaxındır ki, bu istiqamətdə fəaliyyət göstərirlər.

Bizim.Media məlumat verir ki, sosial şəbəkələrdə “Bakı Fəlsəfə Akademiyası” adı altında gənclərin bu yeni layihəsi oxucular tərəfindən də maraqla qarşılanır.



Bakı Fəlsəfə Akademiyası bir qrup gənc tədqiqatçı tərəfindən yaradılıb. Əsas məqsədi Azərbaycanda fəlsəfənin inkişafına töhvə vermək olan Akademiya bu istiqamətdə video tərcümə, səsləndirmə, kitab və xarici dildəki məqalələrin tərcüməsini həyata keçirir.

Əsas şüuarları “hər kəs üçün fəlsəfə” olan bu gənclər fəlsəfənin və fəlsəfi düşüncənin cəmiyyət üçün olduqca faydalı olduğunu düşünür.

Akademiya üzvləri ingilis filosof Pol Straternin “90 dəqiqədə fəlsəfə” seriyasına daxil olan kitabların ardıcıl olaraq tərcümə olunacağını və təmənasız şəkildə oxuculara təqdim edəcəklərini qeyd ediblər.

Onların fikrincə, adı çəkilən bu kitablar qısa və oxunaqlı, eyni zamanda yumoristikdir. Fəlsəfəyə başlamaq istəyən, kiçikdən böyüyə hər kəs üçün çox yaxşı giriş kitabı ola bilər. Lakin təəssüf ki, bu kitablar bu vaxta qədər dilimizə tərcümə edilməyib.



Ona görə də, bu gün bir çox tələbə və fəlsəfə həvəskarı öz dilimizdə oxumaq üçün fəlsəfə kitabı tapa bilmir. Tərcümə olunmuş kitablar isə hər kəsin əldə edə bilməyəcəyi qədər bahadır.

Gənclər, məhz bu məqsədlə, Azərbaycan dilində mənbə əskikliyini aradan qaldırmaq və insanlarda fəlsəfəyə qarşı maraq yaratmaq üçün bu cür layihəyə başladıqlarını qeyd edirlər.

Xatırladaq ki, Bakı Fəlsəfə Akademiyası daha əvvəl də oxşar layihələrə imza atıb.

Belə ki, yeni təqdim olunan “90 dəqiqədə Aristotel” kitabı Akademiyanın sayca dördüncü kitabıdır. Bundan əvvəl “Nitsşe və Musiqi” (Pyer Lasser), “90 dəqiqədə Sokrat”, “90 dəqiqədə Platon”(Pol Stratern) kitabları da tərcümə edilib və tam təmənnasız şəkildə oxuculara təqdim edilib.



Akademiya eyni zamanda facebook, youtube, intagram sosial şəbəkələrində aktiv fəaliyyət göstərir. Müxtəlif mövzularla bağlı canlı müzakirələr təşkil edən Akademiya fəlsəfə məzmunlu “The School of Life” animasiya videolarını da Azərbaycan dilində səsləndirmə ilə yayımlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO