Bu dünyadan küsülü köçən Azərbaycan məşhurları – ADLAR 

Hazırda oxunan: Bu dünyadan küsülü köçən Azərbaycan məşhurları – ADLAR 

76332

Bu gün gündəmi zəbt edən şou əhli efirlərdən bir-birlərini olmazın sözlərini deyib ictimaiyyətin başını qatmaqla məşğuldurlar. O gün yoxdur ki, sosial şəbəkələrdə kimsə kiminsə bostanına daş atmasın. İllərlə bir-birlərini danışdırmayan efir ulduzları var. Yəni, bu günün trendi onlardılar.

Bizim.Media keçmişdə də küsülü olan məşhurlar haqqında araşdırma edib. Onların da çoxunun arasında inciklik olub. Hətta bir çoxu bir zamanlar yaxın dost olduqları adamlarla belə bu dünyadan küsülü olaraq ayrılıblar. 

Həmin şəxsiyyətlərin bir neçəsi haqqında maraqlı məlumatları təqdim edirik: 

1. Məşhur xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevlə görkəmli naşir Əhməd bəy Ağaoğlu ölənə qədər küsülü qalıblar. Bununla belə bu işıqlı şəxsiyyətlər daima ünsiyyətdə olublar. Onların ünsiyyəti isə yazılı şəkildə olub. Məsələn, Əhməd bəy küsülü olmasına baxmayaraq uzun müddət Tağıyevin maliyyələşdirdiyi “Həyat” qəzetində işləyib. Və Əhməd bəy qəzetdə dini cəhaləti və rejimi kəskin tənqid etdiyinə görə Bakı qoçuları dəfələrlə onu döymək istəyiblər. Amma Hacının nüfuzindan qorxaraq Ağaoğluna yaxın düşə bilməyiblər.

Müasirlərinin sözlərinə görə bu böyük şəxsiyyətlərin bir-biri ilə küsülü olmasının tək səbəbi siyasi baxışlarının üst-üstə düşməməsi olub. 

2. Azərbaycan klassik musiqisinin inkişafında çox böyük paya sahib olan Fikrət Əmirovla Qara Qarayev də bu dünyadan küsülü köçüblər. Gənclik illərində çox mehriban dost olan bu şəxsiyyətlər ömürlərinin son illərində bir-birləri ilə küsülü qalıblar.Şahidlərin dediyinə görə onların arasını vuran o dövrdə yaşayan “bəstəkarlar” və müğənnilər olub. Lakin bu adamlar heç zaman bir-birlərinə nifrət etməyiblər. Əməkdar incəsənət xadimi Arif Qazıyev xatirələrində deyirdi ki, “Mən onların ikisi ilə də işləyirdim.

Qara Qarayev də bilirdi ki, Fikrətin xalası oğluyam. Fikrət heç vaxt demədi ki, "niyə Qarayevdən film çəkirsən, o mənim düşmənimdir axı?"

Nə də Qara müəllim dilinə gətirmədi ki, "sən Fikrətin xalası oğlusan". Onların aralarını məqsədli şəkildə vururdular. Eləcə, bir-birini əsəbiləşdirə-əsəbiləşdirə ikisi də cavan yaşda - 64-65 yaşında dünyadan köçdülər”.

3. Qara Qarayev daha bir korifey sənətkarla da küsülü olaraq bu dünyadan köçüb. Bu da görkəmli maestro Niyazi idi. Qara Qarayevlə Niyazi əvvəllər yaxın dost olsalar da sonradan araları dəyib. Məsələn, 1958-ci ildə “Azərbaycanfilm” kinostudiyasında “Uzaq sahillərdə” bədii filmi istehsal olunmuşdu. Filmə musiqini Qara Qarayev bəstələmişdi. Ancaq bəstəkarın vacib işi olduğundan musiqinin orkestrlə yazılışını gecikdirmişdi. Onun Niyaziyə yazdığı xüsusi bir məktubu da bu haqdadır; “Əziz Niyazi, “Uzaq sahillərdə” üçün musiqinin yazılışı prosesində heç cür iştirak etməyə vaxt tapmıram. Səhhətim imkan vermir. Ancaq rahatsız deyiləm. Çünki sən varsan. Tapşırmışam ki, bu işi yalnız Niyazidən başqa kimsə görməsin.

Əziz dostum, sənə inanır və etibar edirəm...”. Lakin onların sonradan hansı səbəblə küsülü qalmalarının səbəbini çox az adam bilir. 

4. Sona qədər küsülü qalan sənət adamlar sırasında görkəmli Müslüm Maqamayevlə Polad Bülbüloğlu da var. Hər iki məşhur müğənni Moskvada yaşadıqları zaman bir neçə dəfə dalaşıb, küsüşüblər.

Hətta iş o yerə çatıb ki, Müslüm Maqomayev belə bir söz işlədib: "Nə qədər Polad nazirdir, Azərbaycana gəlməyəcəm". Yaxınlarının bir neçə cəhdinə baxmayaraq, onların arasındakı soyuqluq aradan qalxmadı, Müslüm Maqomayev onunla küsülü dünyasını dəyişdi.

5. Bu dünyadan küsülü köçənlər siyahısında Azərbaycanın 3 xalq artisti də yer alıb. Bunlar görkəmli gülüş ustaları Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Siyavuş Aslandır. Lakin küsülü olmalarına baxmayaraq onlar dəfələrlə eyni səhnəni bölüşüblər. Məsələn, hər 3 sənətkar hazırda “Qızıl fond”da saxlanılan Sabit Rəhmanın “Hicran” tamaşasında da küsülü ola-ola bir-birləri ilə tərəf müqabili olublar. Bununla belə onlar öz gözəl ifaları ilə nadir sənət əsəri ortaya qoyublar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO