...Yedilər, içdilər, biri - birini o ki, var təriflədilər, sonra keçdilər qiybətə. Kişi qiybətindən keçmə də...Arvadların elə adı çıxıb...Prezident Administrasiyasında, Milli Məclisdə, Nazirlər Kabinetində adam qalmadı ki, dalınca danışmasınlar. Danışdılar, danışdılar...bir də gördülər ki, hava qaralıb. Biri o birindən soruşdu:
- Yaxşı, bəs biz indi neyləyək? İşıq gələn tərəfə gedək, yoxsa, it hürən tərəfə?
- Mənimçün "Cırtdan" nağılını danışırsan?..Sən bilmirsən ki, mənim işıqdan zəhləm gedir...
- Deyirəm axı, çox vaxt günün günorta çağı gözüyumulu gəzirsən...İşıqlı heç nəyi görmək istəmirsən. Ara - sıra Hacıbala avropalılara acıq vermək üçün şəhərin işıqlarını daha gur yandırır, atəşfəşanlıq edir, sən də qaçıb gedirsən Bakının qaranlıq yerlərinə...Qaranlıq yer isə nə qədər desən...
- O dediyin işıq qorxulu deyil e...Şəhərin işıqlarını bir düyməni basmaqla söndürmək olar. Bizim səninlə birgə milyardlarla pulumuz var, onun yarısını verib elə bir təxribat törətmək olar ki, bütün Azərbaycan zülmətə qərq olar...Məni adamların qəlbindəki, zəkasındakı işıq narahat edir...Sən bilən, ziyalı işığına toplaşmaq qorxuludur, yoxsa lampa işığına?
- Hə, düz deyirsən...Biz son illər çox çalışdıq ki, ziyalı işığı gözümüzü qamaşdırmasın...Buna qismən nail olduq, birinə fəxri ad, o birinə mənzil, təqaüd verib işığını söndürdük. İdeologiyamızı elə qurduq ki, ləyaqətli ziyalılar televiziya ekranlarında çal - çağır edənlərlə yanaşı əyləşdilər...Ölkədə kitab mağazalarını saunalara çevirməklə yazıçıların, şairlərin atalarını yandırdıq...Qoy nə qədər yazırlar, yazsınlar, kimdi onların kitablarını oxuyan...Təhsil də əsas məsələ idi, çox çalışdıq, axır ki, kütləvi savadsızlığa nail olduq...
- Əsas odur ki, dediyimiz yalanlara özümüz də inandıq...
- Yox, inanmadıq...İnansaydıq, səhiyyənin inkişafından ağız dolusu danışıb qızımızı, gəlinimizi uşaq dünyaya gətirmək üçün xarici ölkələrə göndərməzdik... İnansaydıq, bank sektorunun güvənliyindən danışıb pulumuzu xarici banklarda saxlamazdıq...İnansaydıq, ədalətdən danışıb məhkəmələrimizin ədalətsiz qərarlarına məruz qalmazdıq...
- Yaxşı, deyəsən, çox danışdıq. Bir də soruşuram, işıq gələn tərəfə gedək, yoxsa, it hürən tərəfə?
- Əlbəttə, it hürən tərəfə...İtdi də, hürüb - hürüb sakitləşəcək...Amma bu işıq məsələsi...Yox, çalışıb prezidentin son sərəncamları ilə əlaqədar xalqın qəlbində oyanan ümid işığını söndürmək lazımdır...Xalqın işığı yansa, bizim işığımız sönəcək...
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist































































































