Vətəndaşları, xüsusilə də yeni tikililərdə yaşayan sakinləri narahat edən məsələlərdən biri kommunal ödənişlərin kimə ödənilməli olmasıdır. Sakinlər hər ay komendantlığa və ya binanı idarə edən şirkətə müəyyən məbləğdə ödəniş edir, bu ödənişlərə kommunal və xidmət haqları ilə yanaşı, məişət tullantılarının yığılması və daşınması ilə bağlı xərclərin də daxil olduğu bildirilir. Buna baxmayaraq, bəzi hallarda sakinlərdən əlavə olaraq bələdiyyəyə də “zibil pulu” ödəmələri tələb olunur.
Bu isə haqlı olaraq sual yaradır: eyni xidmət üçün vətəndaş niyə iki ayrı ödəniş etməlidir? Komendantlığa ödənilən məbləğə zibilin yığılması və daşınması da daxildirsə, bələdiyyəyə ayrıca ödənişin hüquqi əsası nədir?
Ümumiyyətlə, yeni tikililərdə sakinlərin komendantlığa ödədiyi kommunalların mahiyyəti digər binalardakından fərqli ola bilər. Yəni məsələn, komendantlığa ödəniş binanın həyətinin, girişlərin təmizliyi üçün nəzərdə tutulur. Amma konkret olaraq zibil meydançasının təmizliyi, konteynerlərin saxlanması, lazım gəldiyində artırılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. İdarəedici şirkət də hansısa qurumla müqavilə bağlayaraq ərazinin təmizliyini nəzarətdə saxlayır.
Ona görə də “zibil pulunu kimə verək?” sualının cavabı ödənişlərin konkret olaraq hansı xidmətə görə tutulmasından asılıdır. Amma təbii ki, bir xidmətə görə iki dəfə ödəmək düzgün olmaz.
Qanun kimi haqlı çıxarır?
Mənzil Məcəlləsinin 136.3 bəndində bildirilir ki, mülkiyyətçi bina ilə bağlı xərcləri və kommunal haqları müvafiq fəaliyyət göstərən şəxslərlə bağladığı müqavilələrə uyğun ödəyir. 137.6-yə görə isə bina idarəedici şirkət tərəfindən idarə olunursa, mülkiyyətçi yaşayış sahəsi və kommunal xidmət haqlarını həmin quruma ödəyir.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları da bunu belə izah edir ki, məişət tullantılarının yığılması və daşınmasına görə kommunal xidmət haqqı müvafiq xidməti göstərən müəssisə ilə müqavilə əsasında ödənilir.
Şəfiqə Şəfa, Bizim.Media
































































































