Azərbaycanın yeni AQRAR KONSEPSİYASI

Azərbaycanın yeni AQRAR KONSEPSİYASI

Hazırda oxunan: Azərbaycanın yeni AQRAR KONSEPSİYASI

616656

Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni mərhələ başlayır. Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən müşavirə və dövlət başçısının verdiyi mühüm mesajlar bu mərhələyə effektiv keçidin təminində əhəmiyyətli rol oynayacaq. Məhz həmin müşavirədə elan edilən yeni dövlət proqramında aqrar sektor qarşısında duran prioritetlərə, yaxın 5 il ərzində 5 milyard manatdan artıq vəsaitin hansı məqsədlərə xərclənəcəyinə tam aydınlıq gətirilir.

Dövlət Proqramı: əsas hədəflər və maneələr

Prezidentin də vuruladığı kimi, son zamanlar kənd təsərrüfatında ciddi durğunluq müşahidə olunur. Bunun 2 ciddi səbəbi var: 1.Dünyada gedən proseslər, münaqişə və müharibələr, ənənəvi iqtisadi zəncirlərin qırılması, 2.Urbanizasiya problemi. Beynəlxalq aləmdə müşahidə olunan urban-tendensiya Azərbaycan dövləti üçün də səciyyəvidir, başqa sözlə desək, ölkəmizdə də əhalinin kəndlərdən şəhərlərə kütləvi axını baş verir. Nəticədə, ənənəvi kənd təsərrüfatı sahələri sıradan çıxır, kənd təsərrüfatı məhsulları ilə təminat məsələsində kəskin geriləmə nəzərə çarpır.

“Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Regional İnkişaf Proqramlarının məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar”. - İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bəli, Prezident aqrar sektor üçün insan faktorunun önəmini və urbanizasiyanın qarşısının alınması yollarını göstərir. Doğrudur, 2004-cü ildən etibarən qəbul edilən beşillik dövlət proqramlarının uğurla yerinə yetirilməsi sayəsində bölgələrdə bütün vacib infrastruktur yaradılıb, elektrik, qazla təminat, yolların çəkilməsi kimi məsələlər həllini tapıb. Lakin insan axını və kadr potensialının azalması, subsidiyalardan istifadə problemləri kənd təsərrüfatı sahəsində mövcud neqativləri aradan qaldırmağa imkan vermir. Nəticədə, dövlət əsas ərzaq məhsullarının idxalını həyata keçirmək məcburiyyətində qalır ki, bu da gələcəkdə ölkənin ərzaq təhlükəsizliyinə böyük zərbə vura bilər.

Prezident İlham Əliyevin müşavirədəki çıxışı ilə nəinki nöqsanlar ortaya çıxarılır, həmin nöqsanların aradan qaldırılmasının həlledici yolları da göstərilir. Beləliklə, 1-ci yol – aqrar sektorda çalışanlara yardım məqsədilə həm güzəştli kreditlər, həm də digər alətlər işə salınmalıdır. 2-ci yol - prosesə xarici investorlar da cəlb olunmalı, onlar sərmayə qoyuluşuna təşviq edilməlidir. Bu mexanizmlər kənd təsərrüfatına marağı artırmaqla yanaşı, məhsuldarlığın qaldırılmasına və daxili tələbatın təmininə, eləcə də, məhsulların xaricə ixracına gətirib çıxaracaq.

Kənd təsərrüfatının ÜDM-dəki çəkisi artacaq

Beləliklə, yeni Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyacaq. Gözləntilər isə bunlardır.

-İstehsalı artırmaq, rəqabətqabiliyyətli və texnoloji aqrar iqtisadiyyat qurmaq;

-Kənd yerlərinin sosial rifahını gücləndirmək və regionların balanslı inkişafına nail olmaq;

-Məhsuldarlığı artırmaq hesabına ölkədə ərzaq təhlükəsizliyini və ərzaq bolluğunu gücləndirmək;

-Kənd təsərrüfatı məhsullarına əlçatanlığı təmin etmək;

-“Made in Azerbaijan” brendini gücləndirmək və ölkənin ixrac potensialını genişləndirmək.


Təbii ki, aqrar sektorda dinamizmin əsasını qoymaq üçün bir sıra fundamental tədbirlərə ehtiyac var. Onların sırasında qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, institusional islahatlar, həmçinin, bu sektorun rəqəmsallaşdırılması ilə bağlı tədbirlər mühüm yer tutur. Bütün bu addımlar aqrar sahədə dayanıqlı inkişafı təmin etməli, intensiv və rəqabətqabiliyyətli istehsala keçidi sürətləndirməli, fermerlərin müasir aqrar xidmətlərə çıxışını genişləndirməlidir.

Proqnozlara görə, proqramda nəzərdə tutulan tapşırıqların icrası nəticəsində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ÜDM-in 2026-2030-cu illər üzrə orta illik artımı ən azı 2% təşkil edəcək. Kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixrac həcminin isə orta illik 6% artacağı gözlənilir.

Dövlət başçısı kənd təsərrüfatında sıçrayışa nail olmaq üçün görülməsi planlaşdırılan əsas işlərin siyahısını da təqdim edir. Bunlar:

-aqrar sahənin resurs təminatının gücləndirilməsi,

-su və torpaq ehtiyatlarından səmərəli istifadənin təşviqi,

-aqrar təhsil, elm və innovasiya sisteminin inkişaf etdirilməsi,

-aqrar-emal və logistika infrastrukturunun genişləndirilməsi,

-subsidiya və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi,

-rəqəmsallaşma təşəbbüslərinin dəstəklənməsi və digərləridir.

Ənənəvi sahələrin dirçəldilməsi üçün böyük potensial var

Dövlət Proqramında müəyyən edilən əsas istiqamətlərdən biri taxılçılıq sektorunu inkişaf etdiməkdir. Bu sahənin önəmi onun strateji mahiyyəti və ərzaq təhlükəsizliyindəki rolu ilə bağlıdır.

-Hazırda Azərbaycanda buğda istehsalı 1 milyon 573 min ton təşkil edir;

-Bu, daxili tələbatın 55 faiz ödənməsi deməkdir;

-Daha 1 milyon 267 min ton buğda isə idxal olunur.

Prezident taxıl idxalını maksimum dərəcədə azaltmağı əsas məqsəd kimi qoyur. Əlbəttə, Azərbaycanın coğrafiyasını, əkin sahələrini, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi zəruriliyini nəzərə alsaq, ərzaq buğdası ilə təminatın qısa müddətdə 100 faizə çatdırılması mümkün görünmür, lakin 55 faizin artırılması ərzaq təhlükəsizliyinin təmini nöqteyi-nəzərindən son dərəcə strateji vəzifə sayılır. Bu üzdən 2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda üzrə hər hektardan orta məhsuldarlığı 50 sentnerə çatdırmaq hədəflənir. Bununla da istehsalda təqribən 20% artıma nail olmaq və özünütəminetmə səviyyəsini yüksəltmək olar.

Ənənəvi sahələrdən olan pambığın məhsuldarlığını artırmaq və klaster inkişafına nail olmaq üçün də konkret tədbirlər müəyyən edilir. Belə ki,

-2030-cu ilədək ixtisaslaşmış rayonlarda pambıq üzrə hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması;

-pambığın istehsal həcminin 17 faiz;

-emal məhsullarının həcminin isə 4 dəfəyə qədər artırılması hədəflənir.

Ümumilikdə, kənd təsərrüfatının ayrı-ayrı istiqamətləri üzrə irəliləyişə nail olmaq üçün suvarma sisteminin effektiv təşkili, münbit torpaqların dövriyyəyə daxil edilməsi, logistika infrastrukturunun təkmilləşdirilməsi, gübrə istehsalı, heyvandarlıqda yeni təsərrüfat sahələrinin yaradılması, daxili tələbatın təmini və digər təxirəsalınmaz işlərin görülməsi Prezident tərəfindən aqrar sektorda uğur qazanmağın həlledici yolu kimi irəli sürülür.

Proqramın 2030-cu ilə qədər icrası şərti isə kənd təsərrüfatında olduqca qısa müddət ərzində prioritet məqsədlərə çatmağın vacibliyindən xəbər verir. Dövlət strukturları ilə yanaşı prosesə özəl sektorun da aktiv cəlbi nəzərdə tutulan hədəfləri reallaşdırmağın təməl prinsiplərindən sayılır.


Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı, professor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO