Biləcəridə yağışlı axşam kabusa çevrildi - Sakinlər niyə işıqsız və susuz qaldı?

Biləcəridə yağışlı axşam kabusa çevrildi - Sakinlər niyə işıqsız və susuz qaldı?

Hazırda oxunan: Biləcəridə yağışlı axşam kabusa çevrildi - Sakinlər niyə işıqsız və susuz qaldı?

635496

Bakının küləklər şəhəri olduğu paytaxtda yaşayan, hətta yaşamayıb paytaxt haqqında az bilgiyə sahib olan hər kəsə məlumdur. Hansı fəsil olmasına baxmayaraq külək qalxa, Xəzəri dalğalandıra, sahilin qumunu havaya sovura bilər. Şəhər sakinləri də Bakının dəyişkən havasına bələd olduqları üçün evdən çıxarkən küləyə və yağışa qarşı hazırlıqlı çıxırlar.

Lakin insanların təbiət hadisələrinə tədbiri geyimlə bitmir. Yağış yağanda, qar yağanda, külək əsəndə evin içərisində də havaya uyğun yaşamaq tələb olunur. Bu isə çox vaxt insanlardan asılı olmur. Belə ki, dəyişən hava şəraiti bəzi hallarda suyun, işığın, qazın verilməsinə mane olur.

Təbiətin şıltaqlığının yaratdığı qəzalar qaçılmazdır.

Amma burada incə bir xətt var. Bakının havası həmişə qəfildən, gözlənilmədən dəyişmir. Bir neçə gün öncə aidiyyəti qurum hava haqqında proqnoz verir, küləyin sürətindən asılı olaraq qırmızı, narıncı və sarı xəbərdarlıq edilir. Dünən, yəni 7 sentyabr da belə günlərdən idi. Bakının havası küləkli və yağışlı olacaqdı. Başında yay havası qalmış insanlar belə evdən ehtiyatlarını görərək çıxmışdı.

Çünki narıncı xəbərdarlığın elan edilməsi hava şəraitinin adi yağışdan, küləkdən daha ciddi olduğunu göstərirdi. Lakin paytaxtın bəzi ərazilərində bir neçə saatlıq yağışa görə işıqların verilməsində fasilələr yarandı.

Bizim.Media-nın məlumatına görə, belə ərazilərdən biri də Binəqədi rayonu Biləcəri qəsəbəsi (Teymur Yaqubov küçəsi) idi.

Axşam hamının işdən yorğun çıxıb küləkdən, yağışdan canını qurtarıb evə gəldiyi  saatlarda (17:30 – 19:30) Biləcəridə sözügedən ərazidəki mənzillərdə işıq yanmırdı. İki saat bir ilin kiçik hissəsi kimi görünə bilər. Nəzərə alsaq ki, qeyd olunan əraziyə su da həmin saatlarda verilir, onda sakinlərin yağışlı, küləkli və qaranlıq axşamını təsəvvür etmək çətin olmaz.

Əvvəldə də qeyd olunduğu kimi güclü külək zamanı ağaclar qırıla, işıq dirəkləri aşa, naqillər qırıla bilər.

Lakin elektrikin verilişində fasiləyə səbəb olan problemləri aradan qaldırmaqla bunu minimuma endirmək olar. Həmçinin, niyəsə dəyişkən hava daha çox Bakının mərkəzi ərazilərində yox, ətrafında fəsadlar törədir.

Bu onu göstərir ki, ətraf ərazilərə də mərkəz qədər diqqət ayrılsa, problem yaranmaz, qəsəbələr qazsız, susuz, işıqsız qalmaz.

Belə günlərdə Bakıətrafı qəsəbələrdə yaşayan sakinlərin də əsas gözləntisi təhlükəsizliyin təmin olunması, problemlərin mümkün qədər yaşanmaması və ya daha tez aradan qaldırılmasıdır.

Bakı sakinləri evdən pencək götürüb çıxdıqları kimi, aidiyyatı qurumların da Bakının havasına, küləyinə bələd olmasını, öncədən tədbir görmələrini istəyirlər.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO