Son günlər bazarlarımızın od tutub yanması, meyvə-tərəvəzin qiymətlərinin Statistika Komitəsinin iddia etdiyi kimi 3-5 deyil, az qala 100 faiz qalxması cəmiyyətdə ciddi narahatçılıq yaradıb. Baxmayaraq ki, iqtisadçı ekspertlər belə situasiyada hökumətin hansı addımlar atmalı olduğunu az qala hər gün xırdalayır və təkliflərini verirlər, amma ortada real nəticə olmadığından belə qənaətə gəlmək olur ki, hərə öz kefindədir və deyilənlər qulaqardına vurulur...
Amma buna baxmayaraq mətbuatın vəzifəsi cəmiyyəti
narahat edən məsələləri davamlı olaraq işıqlandırmaq olduğundan Moderator.az bu
dəfə məsələyə münasibət bildirmək üçün keçmiş xarici iqtisadi əlaqələr naziri Qüdrət
Quliyevə aşağıdakı sualla müraciət edib:
Belə getsə, meyvə-tərəvəzin ən yaxşısını
Rusiya bazarına daşıyacaqlar, öz vətəndaşımız bu məhsullardan həm məhrum
olacaq, həm də qiymətlər aztəminatlı ailələr üçün əlçatan olmayacaq. Daxili bazarın
bundan əziyyət çəkməməsi üçün hansı addımların atılması zəruridir?
Keçmiş nazir bunun üçün hökumətin işləməli olduğunu deyir:
“Bu məsələdə Azərbaycan iqtisadiyyatı üçün çox
önəmli imkanlar ortaya çıxır. Söhbət yalnız bizim pomidor və xiyarları kimin
yeyəcəyindən getmir. Rusiya bazarlarının Azərbaycanın kənd təsərrüfatı məhsullarının
üzünə açılması bizim iqtisadiyyatın aqrar qolunun daha da sürətlə və məqsədyönlü
inkişaf etdirilməsi üçün imkanları artırmış olur. Belə ki, tələbatın yüksəlməsi
yeni təkliflərin ortaya qoyulmasını vacib edir. Azərbaycanın aqrar sektoru bu
imkandan səmərəli istifadə edərək, həm ixracat potensialını yüksəltməyi, həm
ölkəyə valyuta daxilolmalarını artırmağı təmin edə biləcək. Bizim aqrar məhsullarımızın
Rusiya bazarında Türkiyə, İran, Çin, Orta Asiya və Latın Amerikasından idxal
olunan mallarla rəqabətdə güclü və davamlı olması üçün yüksək keyfiyyətin və rəqabətə
davamlı satış qiymətlərinin ortaya qoyulması tələbatı yaranır. Bu faktorlar ölkənin
kənd təsərrüfatının, aqrar sənayesinin davamlı inkişafı naminə daha çevik siyasətin
sərgilənməsini tələb edir. Rusiya ilə ticarət əlaqələrinin daha da yüksək bir mərhələyə
qalxması, tarixən ənənəvi olaraq rus bazarlarına bağlanmış Azərbaycan kəndlisi,
fermeri, iş adamı üçün yeni imkanlar deməkdir. Kimin-ruslarınmı, ya özümüzünkülərinmi
pomidorun və ya xiyarın daha ləzzətlisini, daha ucuzunu yeməsinə gəldikdə, bu məsələdə
yenə də dövlət siyasəti öz işini görməlidir. Kəndlilər, fermerlər, iş adamları
üçün maksimum münbit istehsal və mümkün qədər liberal ticarət rejimi
yaradılmalıdır. Belə olduqda, məhsul da bol olacaq, keyfiyyət də yüksək olacaq,
qiymətlər də əndazəsindən çıxmayacaq. İxracın artırılması da daxili bazarda
qiymətlərin artmasına səbəb olmayacaq.
































































































