Bir neçə ay əvvəl klubsuz idi. Dünya çempionatında isə milyonlarla insanın qəlbini fəth edib. 40 yaşlı Kabo-Verde qapıçısı Vozinya İspaniya ilə matçdakı qəhrəmanlığı, final fitindən sonra göz yaşları və həyat hekayəsi ilə turnirin ən yaddaqalan simalarından birinə çevrilib.
Bizim.Media xəbər verir ki, indi onun qarşısında yeni səhifə açılıb: qapıçı Çilinin köklü klublarından “Kolo-Kolo”ya keçib və karyerasının ən yüksək maaşını qazanacaq.
Futbolda bəzən bir oyun insanın bütün karyerasını dəyişə bilir.
Vozinya üçün də belə olub.
40 yaşlı qapıçı DÇ-yə klubsuz yollanmışdı. Karyerasının son illərinə yaxınlaşan veteran futbolçunun turnirdə böyük iz buraxacağını çoxları gözləmirdi. Lakin Kabo-Verdenin tarixində ilk dəfə DÇ-də iştirak etdiyi turnirdə Vozinya qəhrəmana çevrilib.
İspaniya ilə qarşılaşmada qapısını toxunulmaz saxlayan qapıçı yalnız komandasına tarixi xal qazandırmadı. O, bütün dünyanın diqqətini öz üzərinə çəkdi.
İndi isə onun hekayəsi daha bir dönüş nöqtəsinə çatıb.
Vozinya artıq Çilidədir. Təcrübəli qapıçı ölkənin ən tanınmış klublarından biri olan “Kolo-Kolo” ilə ilkin olaraq 6 aylıq müqavilə imzalayıb. Onun çıxışından asılı olaraq anlaşmanın 2027-ci ilə qədər uzadılması mümkündür.
Daha maraqlısı isə qapıçının qazancı ilə bağlıdır.
Portuqaliyada ayda təxminən 9 min dollar qazanan Vozinyanın “Kolo-Kolo”da aylıq gəlirinin təxminən 25 min dollar olacağı gözlənilir. Bu məbləğ onun futbolçu karyerasında aldığı ən yüksək maaş olacaq.
Bir neçə ay əvvəl klubsuz qalan 40 yaşlı futbolçu indi karyerasının ən böyük müqaviləsinə imza atıb. O, müqavilə imzalayarkən göz yaşlarını saxlaya bilməyib...

Bütün bunların başlanğıcında DÇ-də bir gecə dayanır.
Kabo-Verde DÇ-də debüt matçında İspaniya ilə qarşılaşıb.
Bir tərəfdə Avropa futbolunun ən güclü komandalarından biri, digər tərəfdə isə D,Ç-də ilk dəfə meydana çıxan, əhalisi yarım milyondan bir qədər çox olan kiçik ada ölkəsi.
Kağız üzərində favorit bəlli idi. Amma futbol meydanda oynanılırdı…
İspaniya topa daha çox sahib olsa və Kabo-Verdenin müdafiəsini uzun müddət təzyiq altında saxlasa da, qapıda Vozinya dayanmışdı. Qapıçı qarşılaşma ərzində 7 mühüm “seyv” edərək rəqib hücumlarının qarşısını aldı.
90 dəqiqənin sonunda tablo dəyişmədi: Kabo-Verde 0:0 İspaniya.
Bu, Kabo-Verdenin DÇ-dəki ilk oyunu və ilk xalı idi. Lakin həmin gecənin ən təsirli görüntüsü hesab tablosu deyildi.
Final fitindən sonra kameralar Vozinyanı göstərdi. 40 yaşlı qapıçı göz yaşlarını saxlaya bilmirdi. Göz yaşlarının arxasında nənə və babasının xatirəsi vardı.

Vozinya matçdan sonra niyə ağladığını izah edərkən milyonlarla insanı duyğulandırdı. O, uşaqlığını nənə və babası ilə keçirdiyini, lakin onların artıq həyatda olmadığını söylədi.
“Ağladım, çünki nənə və babamla böyümüşəm. Təəssüf ki, onlar burada deyildilər. Bir neçə il əvvəl vəfat ediblər. Onlar mənim üçün hər şey idilər”, – deyə qapıçı bildirib.
Lakin həmin an Vozinyanın ürəyində başqa bir insanın da yoxluğu hiss olunurdu – anasının. Anası viza problemi səbəbindən oğlunun tarixi oyununu stadiondan izləyə bilməmişdi.

“İstərdim ki, o, burada olsun”, – deyə Vozinha bildirib.
Bəlkə də, həmin göz yaşları yalnız bir futbol matçının emosiyası deyildi.
Onların içində illərlə davam edən mübarizə, ailəsinə bağlılıq, itkilər və nəhayət, uşaqlıq arzusunun gerçəkləşməsi vardı.
Vozinyanın hekayəsini xüsusi edən əsas məqamlardan biri onun futbola çox gec başlamasıdır.
Josimar Dias adı ilə dünyaya gələn qapıçı peşəkar futbolçu karyerasına yalnız 25 yaşında başlayıb.
Bu yaşda bir çox futbolçu artıq yüksək səviyyədə özünü təsdiqləmiş olur. Vozinya isə həmin vaxt peşəkar karyerasının ilk addımlarını atırdı.
“Mən peşəkar futbol oynamağa 2012-ci ildə, 25 yaşımda başladım. Mənim kimi biri üçün çox gec idi”, – deyə o bildirib.
Üstəlik, onun qarşısında başqa bir maneə də var idi.
Boyunun qısa olması səbəbindən yaxşı çıxışlarına baxmayaraq, bəzi klublar tərəfindən seçilmirdi.

“Mən adada ən yaxşı qapıçılardan biri idim, amma balaca idim. Yaxşı çıxış etsəm belə, boyuma görə seçilmədim”, – deyə Vozinha xatırlayıb.
Amma o, təslim olmadı.
Daha yaxşı imkanlar axtaran Vozinya ölkəsindən ayrılaraq Portuqaliyaya yollanıb.
Sonrakı illərdə onun yolu Slovakiya, Anqola, Moldova, Kipr və Portuqaliyadan keçib. Bu, ulduz futbolçuların, adətən, keçdiyi parlaq və rahat yol deyildi.
Vozinya uzun illər aşağı səviyyəli liqalarda oynayıb, özünü sübut etmək üçün hər dəfə yenidən mübarizə aparıb. Hətta bir müddət milli komandadan ayrılmağı belə düşünüb.
Lakin bir arzusundan əl çəkməyib: DÇ-də oynamaq.
“Milli komandadan ayrılmağı düşündüm, amma sonra bu xəyala görə davam etdim”, – deyə o bildirib.
Nəhayət, 40 yaşında həmin arzu gerçəkləşib.

Vozinya Kabo-Verdenin DÇ-də ilk oyununa çıxanda 40 yaş 12 günlük idi.
Beləliklə, o, milli komandanın DÇ-dəki debüt matçında meydana çıxan ən yaşlı futbolçulardan biri kimi tarixə düşüb.
DÇ tarixində ondan daha yaşlı debüt edən yalnız Misirin qapıçısı Essam əl-Hədari olub. Lakin Vozinya üçün rekordlardan daha vacib bir şey var idi: Kabo-Verdenin tarixində ilk DÇ xalını qazanmaq.
O, həmin gecə yalnız qapısını yox, ölkəsinin ümidlərini də qoruyub.
Vozinya İspaniya ilə oyundan sonra uğuru öz adına yazmayıb, əksinə, komanda yoldaşlarını ön plana çıxarıb.
“Ən yaxşı silahımız birliyimizdir”, – deyə o bildirib.
Qapıçı Kabo-Verdenin DÇ-yə sadəcə iştirak etmək üçün gəlmədiyini də vurğulayıb.
“Hamı düşünürdü ki, biz buraya sadəcə DÇ-dən zövq almağa gəlmişik. Amma biz burada yarışmaq və ölkəmiz üçün mübarizə aparmaq istəyirdik”, – deyə Vozinya bildirib.
Onun bu sözləri komandasının meydandakı mübarizəsini də dəqiq ifadə edirdi.
Kabo-Verde İspaniya qarşısında müdafiədə fədakarlıq göstərdi, hücum imkanları yarananda isə cəsarətlə irəli çıxdı. Vozinya isə komandanın sonuncu müdafiə xətti kimi dayanaraq, bütün gecəni qapısında böyük əzmkarlıqla keçirdi.
İspaniya ilə matçdan sonra Vozinyanın həyatı yalnız futbol meydanında dəyişmədi. Onun sosial media hesablarında da inanılmaz artım baş verdi.
DÇ-nin Braziliyadakı yayım hüquqlarına sahib “CazeTV” kanalının izləyicilərini Vozinyanı izləməyə çağırmasından sonra qapıçının instaqramdakı izləyicilərinin sayı təxminən 50 mindən 5 milyona yüksəlib. Vozinya özü də bu artımı təəccüblə qarşılayıb.
“Bu, dəlilikdir”, – deyə o bildirib.
Beləliklə, DÇ-nin ilk günlərində milyonlarla insan üçün tanınmayan 40 yaşlı qapıçı bir gecədə qlobal futbol simasına çevrilib.
Bəlkə də, Vozinyanın hekayəsinin ən heyrətləndirici tərəfi məhz budur.
O, DÇ-yə klubsuz yollanmışdı.
40 yaşlı qapıçı üçün karyerasının sonuna yaxın yeni klub tapmaq asan məsələ deyildi. Lakin İspaniya ilə oyundakı möhtəşəm performans hər şeyi dəyişdi.
DÇ-dən sonra onun adı müxtəlif klublarla hallanmağa başladı. İndi isə Vozinya artıq Çilidədir. O, ölkənin ən köklü və tanınmış komandalarından biri olan “Kolo-Kolo” ilə ilkin olaraq 6 aylıq müqavilə imzalayıb. Əgər çıxışı klub rəhbərliyini və azarkeşləri qane etsə, müqavilənin 2027-ci ilə qədər uzadılması mümkündür.
Maddi baxımdan da bu transfer Vozinya üçün böyük sıçrayışdır.
Portuqaliyada ayda təxminən 9 min dollar qazanan qapıçının Çili klubunda aylıq gəlirinin təxminən 25 min dollar olacağı gözlənilir.
Bu, onun bütün futbol karyerasında alacağı ən yüksək maaş olacaq.

Beləliklə, bir neçə ay əvvəl işsiz qalan futbolçu indi karyerasının ən böyük müqaviləsini imzalayıb.
Vozinyanın həyat hekayəsində maraqlı detallar bununla bitmir.
Onun əsl adı Josimar Diasdır. Atası ona Argentina və “Real Madrid”in əfsanəvi futbolçusu Xorxe Valdanonun şərəfinə “Valdano” adını vermək istəyib. Lakin Kabo-Verde hakimiyyəti bu ada razılıq verməyib.
Nəticədə ona 1986-cı il DÇ-də Braziliya millisinin heyətində çıxış edən müdafiəçi Josimarın adı verilib.
İllər sonra isə həmin adın sahibi özü DÇ-də tarix yazıb.
Vozinya üçün DÇ artıq geridə qalıb. Amma onun hekayəsi bitməyib.
İndi 40 yaşlı qapıçı Çilidə yeni klub, yeni ölkə və yeni çağırışla qarşı-qarşıyadır.
“Kolo-Kolo”da qazanacağı 25 min dollarlıq aylıq maaş onun üçün yalnız maddi uğur deyil. Bu, uzun və çətin karyerasının, heç vaxt ümidini üzmədiyi arzularının nəticəsidir.
25 yaşında peşəkar futbola başlayan futbolçu 40 yaşında DÇ-də meydana çıxdı. Klubsuz qaldığı bir dövrdən sonra dünyanın ən böyük futbol səhnəsində milyonların rəğbətini qazandı.
İspaniya ilə oyundan sonra göz yaşları ilə yadda qaldı. Sonra isə həyatının ən böyük müqaviləsinə imza atdı.
Vozinyanın hekayəsi bir daha göstərdi ki, futbolda, bəlkə də, həyatda olduğu kimi, heç bir arzu üçün gec deyil. Bəzən yol uzun çəkir. Bəzən qapılar üzünüzə bağlanır. Bəzən yaşınız, boyunuz və ya imkanlarınız sizə qarşı olur. Amma insan öz arzusunun ardınca gedirsə, 40 yaşında belə həyatının ən böyük gecəsini yaşaya bilər… (Qafqazinfo.az)
Bizim.Media





































































































