2026 Dünya Kubokunda texnologiya dövrü: Top şarj oluncaq

2026 Dünya Kubokunda texnologiya dövrü: Top şarj oluncaq

Hazırda oxunan: 2026 Dünya Kubokunda texnologiya dövrü: Top şarj oluncaq

619353

2026-cı il FIFA Dünya Kuboku (Mundialı) təkcə futbol deyil, həm də texnologiya baxımından tarixi turnir kimi yadda qala bilər. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialda oyunun daha ədalətli və şəffaf idarə olunması üçün bir sıra yeniliklər tətbiq edilir.

Bizim.Media Türkiyə mediasına istinadla xəbər verir ki, turnirdə ilk dəfə bütün oyunlarda yarıavtomatik ofsayd texnologiyasından istifadə olunur.
 

Sistem 12 yüksək sürətli kamera vasitəsilə futbolçuların hərəkətlərini izləyir və mümkün ofsayd vəziyyətlərini saniyələr içində müəyyənləşdirir. Hücumçu ofsayd vəziyyətinə düşərsə, köməkçi hakimə dərhal xəbərdarlıq göndərilir.


Dünya Kubokunun ən diqqətçəkən yeniliklərindən biri isə xüsusi sensorlarla təchiz edilmiş "Trionda" adlı ağıllı futbol topudur.

Adidas tərəfindən hazırlanan topun daxilində yerləşdirilən sensor hər toxunuşu qeydə alır və məlumatları real vaxt rejimində VAR mərkəzinə ötürür. Bu texnologiya xüsusilə ofsayd və əl ilə oyun epizodlarında daha dəqiq qərarların verilməsinə kömək edəcək. Maraqlıdır ki, sensorun işləməsi üçün topun hər oyundan əvvəl şarj edilməsi tələb olunur. Bu isə Dünya Kuboku tarixində ilk dəfədir ki, oyun topu enerji ilə işləyən ağıllı qurğuya çevrilir.

Turnirdə VAR sisteminin səlahiyyətləri də genişləndirilib.

Bundan sonra yanlış təyin olunan künc zərbələri, ikinci sarı vərəqədən sonra qırmızı vərəqə qərarları və bəzi digər mübahisəli epizodlar da videoköməkçi hakim tərəfindən nəzərdən keçirilə biləcək.

Yeniliklər bununla məhdudlaşmır. Hər oyunda baş hakim xüsusi RefCam kamerası daşıyacaq. Cəmi 14 qram ağırlığında olan kamera tamaşaçılara oyunu hakimin baxış bucağından izləməyə imkan verəcək. Bundan əlavə, oyunlar 8K görüntü keyfiyyəti və süni intellekt dəstəyi ilə yayımlanacaq.
 

Futbolçuların yüksək temperaturdan qorunması üçün Formula 1 texnologiyalarından da istifadə ediləcək. Xüsusi soyuducu geyimlər və avadanlıqlar oyunçuların bədən temperaturunun aşağı salınmasına kömək edir.


Turnirin təşkilatçıları həmçinin süni intellekt, rəqəmsal əkizlər, üz tanıma sistemləri və pilotsuz uçuş aparatlarına qarşı müdafiə texnologiyalarından istifadə etməyi planlaşdırırlar.

Mütəxəssislər hesab edirlər ki, 2026 Dünya Kuboku futbolun texnologiya ilə inteqrasiyasında yeni mərhələnin başlanğıcı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO