VİP sədri Əli Əliyev Moderator.az-a açıqlamasında Avropa Birliyi Parlamentinin Azərbaycanla bağlı son qətnaməsini şərh edib. Ə.Əliyev məlum qətnaməni Azərbaycan dövlətinə qarşı həqarət kimi dəyərləndirib:
“Son
günlərin qabarıq hadisəsi Avropa Birliyi Parlamentinin Azərbaycanla bağlı qəbul
etdiyi qətnamədir. Həqiqətən, sərtliyi ilə seçilən, diqqətçəkən siyasi sənəddir.
Cəmiyyətin müxtəlif kəsimləri sənədə münasibətlərini bildirirlər. Təbii ki,
seçki ərəfəsi nümayiş etdirilən mövqe siyasi çalar və məqsədlərlə boyanmış
halda təzahür edir. Bunsuz olmur. Ola bilər bir çoxları AB parlamentinin
addımını iqtidara qarşı hərəkət kimi dəyərləndirsin. Fərqli baxdığımdan, bunu
iqtidardan əvvəl Dövlətə qarşı həqarət sayıram. Avroparlamentin qəbul etdiyi
siyasi sənədi təmamilə əsassız adlandırmaq olmur. Çünki ölkə siyasətinin bəzi mənfi
halları orada əksini tapıb. Ölkənin siyasi həyatında rəqabət aparan qüvvələr
arasında münasibətlərdə müvazinəti gözləyəcək mexanizmlər ya işləmir, ya da işlədilmir.
Hakimiyyətin formalaşmasında təbii seçimi təmin edəcək vərdişlər aradan qalxmaq
ərəfəsindədir. Ölkədə demokratiya sahəsində problemlərin mövcudluğunu nüfuzlu
Avropa strukturu bu gün deməyə başlayıbsa, müxalifət sənəddə gətirilən həqiqətə
yaxın azsaylı tezisləri son illərdə daha tutarlı, daha əsaslandırılmış şəkildə
mütəmadi olaraq bəyan edir. Seçkilərin keçirilməsinə bizlər etiraz bəyanatlarını
dünyaya duyuranda, avropalı məmurlar "pozuntular var, həlledici miqyasda
deyil, proses (oxu:seçkilər) demokratiyaya doğru bir addımdır"məzmununda bəyanatlar
verir, dolayısı ilə bu gün şikayətləndikləri durumun zəminini hazırlayırdılar.
Müstəqilliyin ilk illərində təşəkkülə qədəm qoymuş siyasi sistemin vacib
elementi sayılan partiyalar sıradan çıxarıldıqda, Qərb diplomatları praqmatikcəsinə
susur, demokratik hərəkatın yerinə öz əlaltılarını- qrant düşkünlərini və
sırğalı gəncləri formalaşdırmağa cəhd edirdilər. Qərbin dövlətimizin perspektivinə
bu iyrənc münasibət hamımızın gözü qarşısında baş verib. Maraqlıdır, bu gün nə
baş verir ki, Avropa Birliyi Azərbaycana qarşı belə "bozluq" nümayiş
etdirir? Nədir onları Dövlətimizə, onun rəsmi təmsilçilərinə qarşı belə qəzəbləndirən?
Nəyə görə belə həssas dönəm-seçki ərəfəsi seçilib? Suallar çoxdur. Lakin qətnamə
müəlliflərinin beynində olmadığımızdan məsələ ətrafında yalnız versiyalar
qurmaq mümkündür”x9d.
Ə.Əliyev
bu qətnaməni doğuran amillərə diqqət çəkib:
“Əvvəldə ərz etdim ki, bu qərar adı çəkilən qurumların maraqlarından doğur, zatən onlar bizim siyasi inkişafımızda maraqlı deyillər. Elə isə güdülən məqsədləri ehtimallar kimi sıralıyaq:
- AB
Azərbaycanın sahib olduğu neft və tikiləcək ixrac qaz kəmərlərinə nəzarəti üzərinə
çəkmək istəyir.
- AB məmurları seçki ərəfəsi təzyiq göstərərək,
rüşvət qoparmaq məqsədi güdür.
-
Dağlıq Qarabağ konfliktində Azərbaycanın gəldiyi üstün durumda bizi zəiflətmək
məqsədi güdülür.
- Azərbaycanı
Rusiya ilə konfliktə cəlb etməkdə çətinlikləri aradan qaldırmaq istənilir. Bu
yolla Moldovada Dnestryanı ərazidə, Azərbaycanda Qarabağda və Gürcüstanda hərbi
konfliktləri qaynar fazaya keçirməklə Ukrayna cəbhəsini genişləndirmək arzulana
bilər.
Qərb
Rusiyanın hərbi xərclərinin və itkilərinin artmasında maraqlıdır. Azərbaycanın
Rusiyaya qarşı sanksiyalarda yer almaması da Qərbi qıcıqlandıran
faktorlardandır və sairə. Bu versiyaların hansısa, yaxud da hamısı, ola da bilər
yazılmayan amil belə eybəcər qətnamənin ərsəyə gəlməsinə səbəb olub.Nəyin əsas
nədən olmasından asılı olmayaraq, bir məsələdə əminəm ki, onların bu hoqqası
bizim xeyrimizə deyil. Çünki əvvəldə qeyd etdim ki, ölkədə bu dəngənin
formalaşmasında onlar bilavasitə iştirakçı olublar. Deməli, millətimizin ədalətli
sistemə qovuşmaması onları rahatsız etmir. Əksinə, son 25 ildəki bizimlə
davranışları sübut edir ki, Dövlətimizin institusional inkişafında maraqlı
deyillər. Çünki klassik demokratik dövlət quruluşuna malik tərəflərlə güc
dilində danışmaq, onları təhdid etmək mümkün olmur. Son 3-4 ilin davranışları
isə sübut edir ki, ümumiyyətcə Qərb müsəlman dövlətlərini şaquli idarəçilikdən
məhrumetmə xətti götürüb, "idarə olunan xaos" nəzəriyyəsi ilə bütöv və
hüzurlu dövlətləri xəritədən silir”x9d.
VİP sədrinin
sözlərinə görə, Qərb demokratiya vəd etdiyi dövlətlərə fəlakətdən başqa bir şey
gətirməyib:
“İraq
dövlətinin mövcudluğuna kimi inandıra bilərlər? Liviyanı səhralarda
sosial güvənc və rifah vahəsindən xarabazara çevirən qüvvələr kimdir? Misirdə
demokratik prezidenti devirib hakimiyyətə hərbi diktatoru gətirib, sonra onu
dünyaya sırayan dövlətlər hansılardır? Suriyanı darmadağın edib, insanlarını dənizlərdə
və kamyonlarda boğan, hasara alıb heyvana verilən kimi çörək atan, ərazisinə
buraxmayan mədəniyyətin mənsubları kimlərdir? Yəmənin xalq hərəkatını qondarma
Ərəb liqasında birləşmiş sülalə hakimiyyətlərinin orduları ilə bombalatdıran
kimlərdir? Bəhreyndə əhalinin mütləq əksəriyyətini qonşu dövlətin ordu və
polisi vasitəsilə "ram" etdirilməsinə göz yuman kimlərdir? Bu gün
qardaş Türkiyəni təhdid edən İŞİD, PKK kimi terrorist təşkilatları maliyyələşdirən,
silahlandıran və himayə edən hansılardır? Birmənalı deyirəm tərəfinə ümüdlə
baxdığımız və inanmaq istədiyimiz Qərb adlandırdığımız məvhum, o məvhumun tərkibi
olan dövlət və strukturlar.
Yadınızdadırsa,
11-ci ilin əvvəllərində Ərəb baharını bizlərə də sırımaq təşəbbüsləri oldu. Şükürlər
olsun ki, buna nail olunmadı. Allah bilir indi camaatımız harada, dövlətimiz nə
vəziyyətdə idi. Avropa Birliyinə daxil olan dövlətlərin daxili işlər nazirlərinin
son Brüssel toplantısında 160 000 qaçqının yerləşdirilməsinə dair qərar qəbul
edilib. Altını cızmaq yerinə düşər ki, 78 milyonluq Türkiyə bu günə qədər
2 milyon
suriyalı qaçqına qucaq açıb, 7 milyonluqq Azərbaycan 1milyon nəfər qaçqın və məcburi köçkünü 20 ildir himayə etdiyi
halda, 500 milyonluq
AB-nin belə kvotası gülünc görünür. Bu misalları gətirməkdə məqsəd ədalətli
görmək istədiyimiz Avropanın işdə real görüntüsünü canlandırmaqdır”x9d.
Ə.Əliyevin
qənaətincə, Qərbin Azərbaycan torpaqlarının işğalına göz yumması da onun səmimiyyətini
şübhə altına alır:
“20
ildən artıq ərazilərimizin işğalına göz yuman Qərbdən ədalət umulmasının mənasızlığına
diqqəti yönəltməkdir. Avropa daxili təhlükəsizliyini təmin
etmək üçün insanları daşıyan qayıqları batırırsa, Şengendən imtina edirsə,
qanunvericiliyi dəyişirsə, dənizdə boğulmuş körpənin ürək dağlayan şəklini çap
edən Bild nəşrini təhdid edirsə, tordan divar hörürsə, başqalarının təhlükəsizlik
məsələlərinə, ərazi bütövlüyünə nədən belə sayğısızlıq nümayiş etdirir? Bütün
bunları sadalamaqda məqsədim Qərbi pisləyib, kiməsə bərait qazandırmaq deyil.
Azərbaycan daim Şərqlə Qərbin qovşağında olub, hər 2 mədəniyyətin elementlərini
özündə çuğlaşdırıb. Bu bizim identifikasiyamız, səciyyəmizdir. Bu gün Qərbin
alternativi Rusiyadır. Rusiya isə müstəqilliyin itirilməsidir. Bununla heç cürə
razılaşmaq olmaz. Fikrimcə, iqtidarda yer almış qaynar başlar soyumalıdır. Bizə
nəhəng güclərlə kəllələşmək olmaz. İnanıram ki, iqtidarda da, müxalifətdə də,
elə cəmiyyətdə də kifayət qədər ağıllı insan var. Bizim yeganə manevrimiz güclərin
maraqlarını uzlaşdırmaq ola bilər. Eyni zamanda heç kəsə bizimlə yuxarıdan
danışmaq imkanı da verilməməlidir. Sonda yazım vasitəsilə səlahiyyət sahiblərinə
müraciət edirəm.
Cənablar,
bizə qarşı qəbul olunan sənədin siyasi cavabı verilib. Bizə
bir toplum olaraq, daxili anlaşma zəruridir. Daxili anlaşma güzəştlərdən keçir.
Güzəşt güclü tərəfin keyfiyyətidir. Qarşıdan böyük dini bayramımız -Qurban
bayramı gəlir. Bu gözəl bayramda əhvi mümkün olan şəxslərin azadlığa
buraxılması daxili auditoriyaya ünvanlanmış böyük jest olardı. Eyni zamanda
dövlət yeni parlamentə "hamilə"dir. Siyasi iradə nümayiş etdirərək,
seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün imkanlar böyükdür. İcrası çətin
olmayan belə addımlar kənarda bizə qarşı fəaliyyət göstərənlərin də əllərindən
bir çox bəhanələri almış olardı”x9d.
Seymur
Əliyev


































































































