Gürcüstanda yeni müdafiə naziri Tinatin Xidaşeli təyin olunması təkcə qonşu ölkədə deyil,bütün dünyada maraqla qarşılanıb. Bununla da Gürcüstanda Müdafiə Nazirliyinə ilk dəfə qadın başçılıq edəcək.
Onun bu təyinatı ölkə mətbuatında və ictimaiyyətdə geniş rezonans doğurub.
Tinatin Xidaşeli Gürcüstan parlamentinin indiki sədri David Usupaşvilinin xanımıdır. Onlar Gürcüstanın Respublika Partiyasının üzvləridir. T.Xidaşeli bir sıra qeyri-hökumət təşkilatının, o cümıədən Gənc Hüquqşünaslar Assosiasiyasının yaradıcılarından sayılır.
Moderator.az mövzunu davam etdirərək tanınmış hərbi ekspertÜzeyir Cəfərova "Dünya təcrübəsində xalqının tarixinə adını yazdırmış qadın sərkərdə olubmu" sualıyla müraciət edərək bütövlükdə təyinatı şərh etməsini xahiş edib və aşağıdakı cavabı alıb:
"Gürcüstandakı dostlarımızı təbrik edə bilərik. Yenə də regionda ilkə imza atan dostlarımızı. Əslində bu çox böyük hadisədir. Sürətlə inkişaf edən və müharibə vəziyyətində olan bir qonşu dövlətdə yeni müdafiə naziri xanım Tinatin Xidaşeli təyin olunub. Bu da çox normaldır ki, yeni təyinat ölkə mətbuatında və ictimaiyyətində, artıq dünya ölkələrinin mediasında da geniş rezonans doğurub. Rusiya saytları bu təyinatı geninə-boluna özlərinə sərf edən formada şərh edirlər. Artıq bu təyinata "rəng" qatanlar da var. Çünki Tinatin Xidaşeli Gürcüstan parlamentinin indiki sədri David Usupaşvilinin xanımıdır. Onlar Gürcüstanın Respublika Partiyasının üzvləridir.
Bu təyinatın özü onu deməyə əsas verir ki, Gürcüstan da bir çox inkişaf etmiş və bu yolu seçmiş Avropa, Amerika və Asiya ölkələrinin bəzi müdafiə qurumlarında olduğu kimi, çox rahat şəkildə bu qərarı qəbul ediblər. Bu isə o anlama gəlir ki, artıq Müdafiə Nazirliyi sistemi qardaş Türkiyə Respublikasında olduğu kimi daha çox Silahlı Qüvvələrin Baş Qərargahına həvalə olunur. Şəxsi qənaətimə görə, Azərbaycan da nə vaxtsa bu yolu seçməli olacaq. Ola bilsin ki, bizdə də nə vaxtsa müdafiə naziri qadın olsun. Hər şey mümkündür. İndiki halda isə rəsmi Tiflis öz istiqamətini açıqlayıb və bu yol NATO-ya inteqrasiya yoludur. Uğurlar bizim gürcü qonşularımıza. Onlar nə qədər güvənli və etibarlı olsalar, biz də bir qədər rahat ola bilərik. Onların keçdikləri bəzi uğurlu formasiyalardan biz də nə vaxtsa bəhrələnməliyik və buna normal baxmaq gərəkdir.
Dünya təcrübəsi deyilən bir şey var. Orada qadın sərkərdələr, general və hətta admirallar da iri qoşun birləşmələrinə və növlərinə rəhbərlik ediblər. Özü də çox uğurlu şəkildə."









































































































