Moderator.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı deputat Etibar Hüseynovun hərəkəti ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədova müraciət göndərib. Müraciətdə deyilir:
“Milli
Məclisin deputatı Etibar Hüseynovun növbəti xoşagəlməz hərəkəti ilə bağlı Sizə
müraciət edirik. Psixi durumu ciddi şübhə doğuran bu deputat yenə də Azərbaycan
xalqına qarşı həqarətlə çıxış edib, özünün “qoyun sürüsü” səviyyəsini yenidən
nümayiş etdirib. Onun sözləri yalnız bir qrup mitinq iştirakçısına deyil, bütün
Azərbaycana təhqirdir. Etibar Hüseynov hələ də anlamaq istəmir ki, bir qrup
insan sərbəst şəkildə mitinq keçirir, öz mövqeyini nümayiş etdirirsə, bu,
demokratiyanın, azad cəmiyyətin, ölkənin müsbət imicinin göstəricisidir. Bu
xəstə adama fikir verməmək də olardı. Aydındır ki, o, bu hərəkəti ilə gündəmə
gəlməyə çalışır, bir də istəyir ki, hakimiyyətə xidmət göstərsin. Amma azacıq
da ağlı olan adam bilir ki, bu, “ayı xidməti”ndən başqa bir şey deyildir.
Bu adamın hərəkəti, sözlərinin elə bir
əhəmiyyəti olmasa da, hər halda ürək bulandırır, həm də Milli Məclisin adına
ləkə gətirir, cəmiyyətdə narazılıq yaradır. Hesab edirik ki, bu adamın Milli
Məclisdə qalması məqsədəuyğun deyil.
Xahiş
edirik, Etibar Hüseynovun son hərəkətləri ilə bağlı Milli Məclisin rəhbərliyi,
İntizam komitəsi tərəfindən ciddi ölçü götürülməsi, onun deputatlıqdan məhrum
edilməsi mexanizminin işə salınması ilə bağlı təşəbbüs edəsiniz. Ümid edirik
ki, müraciətimizə diqqətlə yanaşacaqsınız və bu başabəla deputata qarşı başqa
metodlardan istifadə etməyə ehtiyac qalmayacaqdır”.
P.S.Yazı
ilə bağlı Etibar Hüseynovun da mövqeyini dərc etməyə hazırıq.








































































































