“Bizim üçün də əsas sual budur: şagirdlərimiz gələcəyə nə dərəcədə hazırdırlar?”
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabındakı paylaşımda bildirib.
Nazir qeyd edib ki, nəticələr bu suala nikbin baxmağa əsas verir.
"Bakı üzrə əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə riyaziyyatda 63, təbiət elmlərində 60, oxu savadlılığında 40 bal artım qeydə alınıb – bu, iştirakçı ölkələr arasında ən yüksək irəliləyişlərdən biridir. Baza səviyyəsinə çatmayan şagirdlərin sayı təxminən iki dəfə azalıb. Oxu savadlılığındakı irəliləyişi isə xüsusilə qeyd etmək istəyirəm.
PISA 2025-in bizim üçün xüsusi əhəmiyyəti həm də ondadır ki, tədqiqat bütün iqtisadi rayonlar üzrə olmaqla ölkəmizi tam əhatə etdi. Bununla artıq hər regiona dair dəqiq mənzərə formalaşıb. Beləliklə, PISA 2029-da bütün ölkə üzrə inkişaf dinamikasını izləmək mümkün olacaq. PISA bizim üçün yalnız nəticə deyil, həm də təhsil sisteminin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm göstəricidir.
Bu nəticənin arxasında dayanan müəllimlərimizə, şagirdlərimizə və valideynlərə dərin minnətdarlığımı bildirirəm".

Fəridə, Bizim.Media





































































































