Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyevin daxili işlər naziri Ramil Usubov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilməsi cəmiyyətdə, xüsusilə də ictimai-siyasi sferada ciddi rezonansa səbəb olub. Baş verənlərə münasibət bildirən bir çox siyasilər E.Quliyevin facebook səhifəsində bəzi dövlət yol polisi əməkdaşlarının qüsurlu fəaliyyətini tənqid etməsi səbəbi ilə R.Usubov tərəfindən məhkəməyə verilməsini tamamilə əsassız hesab edir. E.Quliyevin həm də Milli Şura üzvü olduğuna diqqət çəkən bəzi siyasilər isə Azərbaycan Ziyalılar Birliyinin sədrinə qarşı irəli sürülən ittihamı Milli Şuraya qarşı təzyiq vasitəsi kimi qiymətləndirməkdədir.
Baş verənlər müstəqil
hüquqşünaslar tərəfindən də sərt şəkildə tənqid edilməkdədir. Moderator.az-a
açıqlamasında məsələyə münasibət bildirən hüquqşünas Müzəffər Baxışov yol
polisi haqqında səsləndrilən ümumi tənqidi fikirlərə görə E.Quliyevin məhkəməyə
verilməsinin qeyri-qanuni olduğunu, normal, sivil dövlətlərdə belə bir olayın
baş verməsinin mümkünsüz olduğunu vurğuladı:
“Yol polisinin hansı vəziyyətdə
olduğu hər kəsə bəllidir. Müzəffər Baxışovun nə deməyindən asılı olmayaraq bu,
hər kəsə bəlli olan bir həqiqətdir. Ümumi sözlərə və tənqidi çıxışlara görə
kimisə xüsusi ittiham qaydasında məhkəməyə verməyin özü qanunsuzluqdur. Əgər
ictimai-siyasi xadim bu və ya digər sahədə olan bir məsələni, fəaliyyəti tənqid
erdirsə, oradakı nöqsanlara toxunursa, bu nöqsanların həll edilməsinin zəruriliyini
dilə gətirirsə, bu hallara qarşı mübarizə aparmağın vacibliyini qeyd edirsə, o
zaman Azərbaycan Respublikasının daxili işlər nazirinin həmin şəxsi xüsusi
ittiham qaydasında məhkəməyə vermək səlahiyyəti yoxdur”.
M.Baxışovun fikrincə, əslində
hakim Azərbaycan Respublikasının qanunvericiliyindəki müvafiq müddəaları əsas
tutaraq həmin iddianı öz icraatına götürməkdən imtina etməli idi: “Burada nə
böhtan, nə də təhqir var. Çünki orada ümumi ifadələr işlədilib. Konkret şəxslər
haqqında heç nə deyilməyib. Sadəcə müəyyən bir sahə tənqid edilib. Əgər Azərbaycanda
normal bir hüquq dövləti olsaydı, o zaman bu iddia məhkəmə icraatına qəbul
edilməzdi. Lakin bu inandırıcı deyil ki, daxili işlər naziri xüsusi ittiham
qaydasında məhkəməyə müraciət etsin və məhkəmə, hakim də özündə cəsarət
taparaq, Azərbaycan Respublikasının qanunvericiliyinin müddəlarını rəhbər
tutaraq həmin ərizəni öz icraatına qəbul etməsin. Məlum olduğu kimi hakim bu
iddianı öz icraatına qəbul edib. Normal dövlətlərdə kimisə bu cür tənqidi fikirlərinə
görə xüsusi ittiham qaydasında məhkəməyə vermək mümkün deyil. Çünki orada
konkret şəxslər haqqında fikirlər yürüdülmür”.
Seymur Əliyev






























































































