Moderator.az xəbər verir ki, keçmiş maliyyə naziri Saleh Məmmədov öz facebook səhifəsində hökumətə maraqlı təkliflər verib və hər kəsi onun təklifləri ətrafında müzakirələrə dəvət edib:
"Hazırda Azərbaycanın ən ciddi və yaxın gələcəkdə həll olunması zəruri olan problemlərindən biri şəhərsalma və məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi məsələsidir. Bu problem Azərbaycanın bu günki imkanları daxilində lazımi səviyyədə həll olunmur. Dogrudur, son illərdə qəbul olunmuş və müvəffəqiyyətlə yerinə yetirilən regionların inkişafı proqramları bu istiqamətdə bəlli irəliləyişlərə gətirib, amma bu, Azərbaycanın bu günki inkişaf sürətinə cavab vermir. 90-cı illərin başlanğıcında məqalələrimin birində yazmışdım ki, Azərbaycanda orta hesabla ildə bir yeni şəhər salına bilər: tarixə düşə biləcək memar incilərilə zənginləşdirilmiş bir şəhər. Amma müstəqillik illərində hələ bir dənə də olsun yeni şəhər salınmayıb. Problem üzrə çatışmazlıqlar:
1. Məhsuldar qüvvələrin qeyri- bərabər yerləşdirilməsi:
bu gün ölkənin ümumi məhsulunun təqribən beşdə dördü Abşeron iqtisadi rayonunda
yerləşdirilmişdir ki, bu da əhalinin əsas hissəsinin Bakıda cəmləşməsinə gətirib
çıxarmışdır, paytaxtın sürətlə inkişafına və gözəlləşməsinə baxmayaraq, orada
yaşayış dözülməz hala gəlmişdir. Belə davam etsə, yaxın zamanlarda ümumiyyətlə
Bakı şəhərində vəziyyət gərgin olacaq.
2. Yuxarıda da qeyd etdyimiz kimi müstəqillik illərində
ölkədə yeni şəhər salınmayıb. Kənd rayonlarının inkişafında bir sıra tədbirlər
görülməsinə baxmayaraq ciddi irəliləyiş seçilmir. Tarixi təcrübə göstərir ki,
tarixi dövrlər və liderlər tarixə yeni salınan şəhərlərlə, memar əsərləriylə
düşür. Belə şəhərlərin salınması üçün həm zərurət var və həm də maddi imkanlar.
3. Məhsuldar qüvvələrin qeyri bərabər yerləşdirilməsi
yalnız paytaxtın əsasən şişirdilməsi ilə nəticələnmir, həm də digər regionların
inkişafdan qalması və uyğun olaraq o bölgələrin böyük ehtiyatlarının istifadəsiz
qalmasına gətirib çıxarır.
Buna görə də bu istiqamətdə ciddi işlər görülməsi məqsədə
uyğundur. Orta bir şəhərin salınması təqribən 5 mlrd dollar vəsait tələb edir,
bundan da düzgün təşkil olunduğu halda yalnız 1 mlrdı dövlətin payına düşə bilər.
Qalanını özəl sərmayənin cəlb olunması ilə səfərbər etmək olar. Həm qədim şəhərlərin
bərpası və həm də yeni məskənlərin salınması bu işdə düzgün yol hesab oluna bilər.
Məsələn, Bərdə, Gobustan, Oğuz kimi şəhərlərin yenidən salınması gözəl nəticə
verə bilərdi. Bütün dəniz boyu Nabrandan Astaraya qədər sahildə onlarla şəhərlərin
yeri var və bu həm də turizmin sürətlə inkişafını təmin edə bilər. Həm də dağ
kurortlarının inkişafı ilə uyğunlaşdırılaraq dağlıq bölgələrdə gözəl şəhərlər
salmaq olar. Hər ildə bir şəhər prinsipi ilə ölkənin müxtəlif bölgələrində şəhərlər
21 əsrdən Azərbaycan tarixinə ciddi töhfələr ola bilərdi. Hər halda dünya azərbaycanlıların
cəlb olunması, vətəndaşlıgı olmayanlara özəl sürətli qaydalarla vətəndaşlıq verməklə
işi çox sürətləndirmək olar. Dünya azərbaycanlılarında böyük kapital və digər
imkanlar var.
Dostlarımı, tərəfdaşlarımı və həmçinin bütün maraqlı tərəfləri,
hüquqi və fiziki şəxsləri, hökümət və dövlət qurumlarını bu məsələnin müzakirələrində
iştirak etməyə dəvət edirəm."

































































































