Azərbaycan xalqının görkəmli ziyalısı, professor Rafiq Əliyev Mehparə Quliyevaya açıq məktubla müraciət edib. Moderator.az həmin müraciəti təqdim edir.
“Hörmətli Mehparə xanım,
Əvvəla Sizin illər boyu yazdığınız məqalələr, FB səhifələrindəki qeydlər, yorumlara belə gec cavab verdiyim üçün zaman atının belə çaparaq getdiyini nəzərə almağınızı rica edirəm. Sizin cəmiyyətimizin, ümumilikdə qlobal dünyamızın diqqət çəkən problemlərindən, dövrümüzün böyük dühası Xudu Məmmədov, bəzən də mənim haqqımdakı yazılarınızı acgözlüklə oxumuşam, təhlil etmişəm. Sizin qələm məhsullarınızda həmişə bir intellektuallıq, ziyalılıq, səmimiyyət hiss etmişəm. Mən ziyalılıq sözünü həm yazımın başlığında, həm də burada təsadüfü işlətmədim. Sizin açıqfikirliliyiniz, ictimai həyata özəl baxışınız, nümunə olmaq bacarığınız əsl ziyalılıq atributları deyilmi? Mən çox məmnunam ki, az da olsa hələ məktəblərimizdə (orta və ya ali) gənc nəsilə nümunə ola biləcək ziyalılarımız var.
Ziyalı, bu tək oxumuş, savad görmüş adam deyil, ziyalı əqli əməklə məşğul olan, əqli yaradıcılıq nizamı olan kəsdir. Ziyalılıq zümrəsinə o insanlar daxildir ki, onlar iqtisadi, partiya, dövlət məcburiyyətindən, ideoloji öhdəliklərdən azaddır. Ziyalılığın əsas prinsipi-intellektual azadlıqdır. Ziyalı ancaq öz vicdanının səsindən, bir də fikrindən azad deyil. Ziyalı vicdanı tək onun şərəfinin qoruyucusu, senzoru deyil, əsasən onun azadlığının sükançısıdır. O imkan vermir ki, bu azadlıq nizamsızlığa, özbaşınalığa gətirsin, xüsusən indiki kimi qarışıq bir zamanda və məkanda ziyalıya həqiqi yol göstərir.
Öz dövrü üçün qabaqcıl mənəvi ideallara sahib olmaq, yaxın ətrafına diqqətcil, təzahüründə yumşaq və ədəbli olmaq, öz xalqına inam, kiçik və böyük Vətənə fədakarcasına tükənməz məhəbbətə əsaslanan vətənpərvərlik, müstəqillik, azad özünüifadəyə meyl və onda özünü tapma, ədalətsizliyin, antihumanizmin, antidemokratizmin istənilən formada təzahürünün məzəmmət edilməsi, ən çətin şəraitdə belə vicdanı tərəfindən formalaşmış əqidəsinə sadiqlik, hətta, özünütədricə meyillilik ziyalılığın özül determinantlarıdır.
Hörmətli Mehparə xanım, nə xoş ki, bu meyarların çoxunu Sizdə tapdım.
Böyük minnətdarlıq hisslərilə Sizin son yazınızın üstündə dayanmaq istəyirəm. Ziyalılar həmişə millət qarşısında yüksək çaplı məsələ qoyur. Sizin də istinad etdiyim bu yazınızda bu gün Azərbaycan cəmiyyətində ən ağrılı olan bir məsələ-ailə institutu, ailə və sevgi problemi qabardılmış, özünüzə məxsus yanaşma nümayiş etdirmisiniz. Bu problem müasir həyatımızda ən diqqət çəkən, həlli tələb olunan ağır problemlərdən biridir. Nəzərimcə indi cəmiyyətimizdə ailə institutunun dağılması (bəlkədə dağıdılması) prosesi gedir. Əziz dostum, böyük şairimiz Ramiz Rövşən də bu mövzuda samballı bir yazı hazırlamaq fikrindədir. Siz tamamilə düz qeyd edirsiniz ki, ailə cəmiyyətin əsas sütunudur.
Cəmiyyət ayrı-ayrı ailələrdən təşkil edilmişdir, bu ailələrin əxlaqi bünövrəsi cəmiyyətin sütunlarının möhkəmliyini təyin edir. Ailə millətin ürəyidir. Ölkənin gələcək rifahı bu ürəyin necə döyünməsindən çox asılıdır. Bu ürək xəstədirsə onun təsiri hər tərəfə yayılır, cəmiyyətə, dövlətə məhvedici yara vurur. Bu ürəyin aramlı, sağlam döyünməsinin bünövrəsində qarşılıqlı məhəbbət durur. Ailə problemləri dəmir çubuqla deyil, müdrikliklə, məhəbbətlə yoluna qoyulur. Ailə-səmanın yerdəki sülh, əminamanlıq, xoşbəxtlik olan bir hissəsidir. Ailə bağları yer üzündə ən sıx, ən incə və ən müqəddəs bağlardır. Məhəbbət, rəğbət və nəvazişin bərqərar olduğu ailə yer üzünün ən sevimli məkanıdır. Unutmamalı ki, ailə məhəbbəti simmetriklik, könüllülük, qurban vermə ruhu və möhkəm iradəyə söykənir. Cəmiyyətin böyük dühalarla yanaşı (onlar az olurlar) ailələri üçün bu meyarları əxz edən insanlara böyük ehtiyacı var. Ailə-bizim sığınacağımız, müqəddəs qalamızdır. Tanrının yaratdığı təbiətdə olduğu kimi bu qalada da simmetriklik, tarazlıq olmalıdır. Qadının xoşbəxtliyini onun əri kimi heç kəs əlindən ala bilməz, kişinin ümüd və arzularını, nüfuzunu, namusunu öz qadını kimi heç bir qadın əlindən ala bilməz. Qarşılıqlı güzəşt və məhəbbət olmadan heç bir dünyəvi qüvvə qadınla kişini birgə həyat telləri ilə bağlaya bilməz.
Bəzən deyirlər ki, var-dövlət, pul hakimiyyətdir, lakin həm əqli, həm ruhi qüvvəsinə baxsaq məhəbbət hakimiyyətdir, istər ailədə, istərsədə cəmiyyətdə. Məhəbbət-ailə xoşbəxtliyinin açarıdır.
Hörmətli Mehparə xanım məhəbbət, sevgi mövzusu lə əlaqədar Fizulinin “Leyli və məcnun”a yanaşmanızı çox orijinal saydım.
Bu barədə bir neçə kəlmə. Yazınızdan əxz etdim ki, Fizulinin “Leyli və məcnun”u intim məhəbbət dastanı deyil, nəhəng ictimai yükü olan bir eposdur. Nə Məcnun, nə Leyli fərd deyil, ümumiləşdirilmiş yeni sevən insan obrazlarıdır. Onların timsalında böyük Fizuli yeni insanı münasibətlər və baxışlar, insana, həyata, məhəbbətə yeni yanaşma ortaya qoyur. Bütün zamanlarda cəmiyyətlər dərk etmədiyi həqq əhlinə tənə etmişdir. Onu da qeyd edim ki, Tanrı da həmişə ona doğru yönəlmək istəyən bəndələrini çətin imtahanlar qarşısında qoyar. Əgər onun mətanətini, ruhi səbatlılığını, təmiz niyyətini, səbrini görsə onları özünə yaxınlaşdırar. Əks halda onları özbaşına buraxar. Məcnun bu sınaqlardan səbrlə çıxdı. Leylisinə qovuşdu, ruhları qovuşdu. O, əhdinə sadiq qaldı. Həqiqi iman yiyəsi oldu. Bax ilahi məhəbbət budur. Əhdə sadiqliyi ailə həyatının bütün dövrlərində, istər bir yerdə olduğu vaxt, istərsə də birisi dünyasını dəyişən vaxt Fizulinin Məcnunundan öyrənməliyik.
Hörmətli Mehparə xanım, bu məktubumu mənim Ağdamdakı orta məktəb riyaziyyat müəllimim mərhum Zülfiqar Səfərəliyevin mənə vaxtilə ünvanladığı sözlərlə bitirmək istəyirəm. Mən 1983-cü ildə elm sahəsində SSRİ Dövlət Mükafatı alanda o, mənə bir teleqram göndərmişdi, aldığım minlərlə teleqramlar içərisində ən sevdiyim teleqram. Məzmun belə idi: “Əzizim Rafiq, səni təbrik edirəm, sənə ailə rahatlığı arzu edirəm”. Qəbri nurla dolsun, ailə rahatlığından da dünyada dəyərli bir şey varmı?”
Dərin hörmətlə,
Rafiq Əliyev






























































































