“2-3 ay bundan əvvəl ailəmlə bərabər Afaq xanım Bəşirqızının tamaşalarını, çəkildiyi filmləri izləyirdim. Təsadüfən “Bala başa bəla” televiziya tamaşasını izləyəndə bir epizod çox xoşuma gəldi. Onu götürüb, üstündə məşq etdim. Bu Afaq xanımın “Əkizlər” mahnısını ifa etdiyi səhnə idi. Parodiya etdim, ailəm gördü ki, bu məndə yaxşı alınır. Bir az çəkim də var (gülür). Anam dedi ki, “sənə bir az qrim etsəm, Afaq xanımın tamaşadakı obrazına çox oxşayacaqsan”. Elə də oldu. Parodiya edəndən sonra görüntülərimi tik-tok səhifəmə yüklədilər. Sonra Elgiz Əkbərin “Elgizlə izlə” verilişinə dəvət olundum. Daha sonra Afaq xanımla görüşmə imkanım oldu. Çox xoşbəxtəm”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızını parodiya edən 6 yaşlı Bətül Məhərrəmova deyib.

“Afaq xanım ilk görüşdən məni çox sevdi. Hətta doğum günümdə bizim evimizə gəlib, iştirak etdi. Mənə hədiyyə də almışdı. Afaq xanım məni gələcəkdə aktrisa kimi görmək istədiyini dedi. O məndə bu istedadı gördüyünü bildirdi. Böyüyəndə hansı sahəni seçəcəyimi hələ dəqiq bilmirəm, amma onu bilirəm ki, hansı sahəni seçsəm valideynlərim məni dəstəkləyəcəklər. Parodiya ilə bağlı evdəkilər mənə heç nə demirlər. Bir kinoya baxan kimi o dəqiqə parodiya edə bilirəm. Hələ ki, Afaq xanımı parodiya edirəm. Evdə bütün günü ondan danışırıq. Günümüzün əsas mövzusu Afaq xanımdır. Tez-tez zəng edib, anamdan məni maraqlanır. İnanmazdım ki, Afaq xanım mənim parodiyamı bu qədər bəyənəcək. Evimizdə olanda mənimlə məşq edirdi, öyrədirdi. Arzularım çoxdur. Onlardan ən əsası məşhur olmağım, daha çox tanınmağımdır. Tez-tez evdə səhnəciklər nümayiş etdirirəm, hamını güldürürəm. Valideynlərimlə birlikdə teatr tamaşalarını böyük həvəslə izləyirəm” deyə Bətül Məhərrəmova bildirib.

Xalq artisti Afaq Bəşirqızı da Bətüllə bağlı bunları söyləyib.

“Allah bütün balaları xoşbəxt etsin. Bətül də onların içində. Uşaq hər bir evin sevinci, yaraşığıdır. Çox istedadlı baladır. Hazırcavab qızdır. Mən də onu çox sevdim. Hələ 6 yaşı var. “Bala başa bəla” və “Bəxt üzüyü” ekran əsərlərindəki Suğra və Söylünü parodiya edir. İnşallah ki, hansı sənəti seçərsə, onu da davam etdirər. Bilmək olmaz, bəlkə elə gələcəkdə Azərbaycan incəsənətinə yeni sima gələcək. Bu sahəni seçsə, onu özüm hazırlayacam” deyə sənətkar deyib.




























































































