“Dünən, 2023-cü il fevralın 6-da səhər tezdən Suriya və Türkiyə ərazilərini əhatə edən genişmiqyaslı və güclü zəlzələ xəbəri dünyanı şoka salıb. Təsdiq edilmiş qurbanların ümumi sayı artıq təxminən 4 min nəfərdən çoxdur, minlərlə yaralı var. Eyni zamanda daha çox qurbanlar və yaralılar ola bilər - həm Suriyada, həm də Türkiyədə xilasetmə əməliyyatları davam edir”.

"İslamtoday" nəşri müsəlman ölkələrində, o cümlədən Türkiyədə zəlzələlərin tarixindən bəhs edən və təbii fəlakətlərə Quran və Peyğəmbər(s) hədisləri prizmasından yanaşılan maraqlı bir məqalə dərc edib. aktuallığını nəzərə alaraq həmin materialın tərcüməsini dəyərli Moderator.az oxucularının diqqətinə təqdim edirik:
Tarixən İslamın yayıldığı əsas torpaqlar və ölkələr seysmik aktiv zonalarda yerləşir. Həzrət Məhəmməd Peyğəmbər (salləllahu aleyhi və səlləm) və onun səhabələri belə fəlakətlər zamanı müsəlmanlara dua ilə Uca Allaha müraciət etməyi tövsiyə etmişlər...
İslam ölkələrində hansı böyük zəlzələlər haqda nə bilirik?..
Artıq hicrətdən sonrakı ilk əsrlərdə İslam geniş ərazilərə yayıldı. Həmin ölkələrin bəziləri seysmik təhlükəli ərazilərdə yerləşirdi. İlk müsəlmanların İraq, Misir və Nejddə baş verən zəlzələlərlə bağlı hekayətləri qorunub saxlanılmışdır.
Əsrlər boyu İraq torpaqlarına sahib olan farslar xüsusən mühüm tikililəri tez-tez baş verən zəlzələlər nəticəsində dağılmaqdan qorumaq üçün xüsusi texnologiyalardan istifadə edərək tikiblər. Məlumdur ki, farsların bu qoruyucu texnologiyaları çinlilər və hindlilər tərəfindən də mənimsənilib...
Tarix boyu Ərəbistan yarımadasında yaşayan insanlar zaman-zaman irili-xırdalı zəlzələlər qeydə alıblar. Saxlanılan rəvayətlərə görə, Məhəmməd Peyğəmbər(s) Özü də zəlzələ ilə üzləşməli olub. Bir versiyaya görə, bu, Hira mağarasında, digərinə görə isə Uhud dağında baş verib. Biruni Mədinədə bir il davam edən böyük seysmik fəaliyyətdən yazır, ona görə də onu “zəlzələlər ili” adlandırırdılar. Bu, Qriqoryan təqvimi ilə 627-ci ilə təsadüf edir. Məlumdur ki, səhabələr də zəlzələlərlə qarşılaşmışlar: Ömər (r.a.) oğlu Abdullah (r.a.) - Mədinədə, Əli (r.a.) - Rəhbədə, Əbu Dərda (r.a.) - Şamda(indiki Dəməşq), Abdullah ibn Məsud (r.a.) - İranın Fes şəhərində...
747-ci ildə Fələstin, İordaniya və Suriyada böyük zəlzələ baş verib. Zəlzələ 40 gün ərzində hiss olunub. Qüdsdə bir çox xristian məbədləri və monastırları dağıdılıb, Kubbat əs-Səhra məscidinin qərb və şərq divarları dağıdılıb. 827-ci ildə Yəməndə episentri Ədən olan böyük bir zəlzələ baş verib və bu, böyük insan itkisinə və dağıntılara səbəb olub. Tarixi mənbələrə görə, 873 və 1015-ci illərdə Hicazda da zəlzələlər baş verib. Lakin xüsusilə güclü və uzun sürən zəlzələ 1256-cı ildə Mədinədə qeydə alınıb. Buna vulkanik fəaliyyət səbəb olub. Üç gün ərzində Mədinə 14 dəfə silkələnib və zəlzələnin son günündə Harra adlanan yerdə partlayış və vulkan püskürməsi baş verib. Lavanın püskürdüyünü görən Mədinə sakinləri çox qorxublar və dünyanın axırının gəldiyini düşünüblər...Aralıq dənizi zonasında baş verən 847-ci il zəlzələsi müsəlmanların başına daha da ağır fəlakətlər gətirib. Həmin fəlakət o qədər güclü olub ki, Məqribdə, Misirdə, Antakyada, Şamda, Mosulda və Humusda hiss olunub. Dəməşqdəki bu zəlzələ nəticəsində Əməvi məscidinə ciddi ziyan dəyib. İslam tarixi boyu Kiçik Asiyanın müxtəlif bölgələrində də zaman-zaman irili-xırdalı zəlzələlər baş verib...
Müasir Türkiyə ərazisində zəlzələlər...
İslam tarixi boyu müasir Türkiyənin müxtəlif bölgələrində də zaman-zaman irili-xırdalı zəlzələlər baş verib. 1246 və 1275-ci illərdə Əhlət, Diyarbəkir və Ərzincanda böyük zəlzələlər olub. Şəhərlərə ciddi ziyan dəyib. Ərzincanda son zəlzələlər 1939 və 1992-ci illərdə baş vermiş, böyük dağıntılar və insan tələfatı ilə nəticələnmişdir. 1419-cu ildə Amasiya, Tokat və Bursa şəhərlərində güclü zəlzələ baş verib. Uzun sürən seysmik aktivliyə görə insanlar üç ay çadırlarda yaşayıblar. Bu seysmik zonada ən son güclü zəlzələlərdən biri 1999-cu il avqustun 17-də episentri Gölcük şəhərində baş verib. Həmin faciədə 40 minə yaxın insan həlak olub...

Dünən səhər saatlarında Türkiyənin cənub-şərqində, episentrləri Pazarcık (Kahramanmaraş) və Qaziantepdə olan iki güclü zəlzələ baş verib. Zəlzələ o qədər güclü (Rixter cədvəli ilə 7,8) olub ki, hətta əvvəllər bir çox zəlzələlərə tab gətirmiş qədim Qaziantep qalası belə, buna dözə bilməyib. Təəssüf ki, çoxlu sayda qurbanlar və dağıntılar var...
İslam dini zəlzələlər haqqında nə deyir?..
İslam dininə görə zəlzələ də digər təbii fəlakətlər kimi Uca Yaradan tərəfindən qoyulmuş təbiət qanunlarının və eyni zamanda İlahi təqdirin bir hissəsidir. Onlar müsəlmanları Uca Allah qarşısında varlıqlarını və acizliklərini düşünməyə vadar etməlidirlər.
Peyğəmbər (s) zəlzələlər haqqında nə buyurmuşdur?..

Peyğəmbər (s) zəlzələlərin Uca Yaradan tərəfindən bir xəbərdarlıq olduğunu bildirmiş və günəş tutulması, qasırğa, zəlzələ və digər təbii fəlakətlər zamanı dua etməyi tövsiyə etmişdir. Zəlzələdən sonra Peyğəmbərin (sallallahu aleyhi və səlləm) tövsiyələrinə sadiq qalan səhabələr insanları dua etməyə və Uca Yaradandan lütf istəməyə çağırırdılar. Məlumdur ki, Əməvilər dövründə baş verən zəlzələlərin birindən sonra Peyğəmbərin nəvəsi Zeynul-Abidin (r.a) dua etməyi, qorunmaq üçün dua ilə Uca Allaha üz tutmağı, oruc tutmağı və istiğfar etməyi tövsiyə etmişdir. Təbii fəlakətlərin sayının artması qiyamətin yaxınlaşmasından xəbər verir. Rəsulullahın (sallallahu aleyhi və səlləm) hədisində buyurulur: “Dünyanın sonunda zəlzələlər olacaq, göydən daşlar yağacaq, musiqi, müğənni və şərab zühur etdiyi zaman insanlar donuz və meymuna çevriləcək” (Təbərani)...
Tərcümə və təqdim etdi:
Sultan Laçın







































































































