Ömür ona bağlanılacaq qədər uzun deyil...

Ömür ona bağlanılacaq qədər uzun deyil...

Hazırda oxunan: Ömür ona bağlanılacaq qədər uzun deyil...

95951
Ünlü şair Rüstəm Behrudinin bir neçə gün öncə 58 yaşı tamam oldu. Amma o indi sizlərə təqdim etdiyimiz şeirini 3 il əvvəl qələmə alıb...





DEYƏSƏN, BİR AZ ÇOX YAŞADIM

İntihara zorlamasalar,
Qəfil bir ölüm
göndərməsə Allah,
55-imə girəcəm,
Girəcəm bu gün-sabah.
55 yaş -
hüznün içindən çıxıb
hüzura qovuşmaqdı bəlkə.
Sürünməkdən bezib
göyə uçmaqdı bəlkə.
Bəlkə özümlə yenidən
üz-üzə gəlmək,
Kölgəmi keçmək, özümü
aşmaqdı bəlkə...
Şübhələr... Bəlkələr...
İçimdə suallar cavabsız,
cavablar dolaşıq;
İndi bilirəm - ömür -
Şeytanla savaşda
Tökə bilmədiyim
qanmış bir qaşıq
Ah səni, tökə bilmədiyim
bir qaşıq qan!
Sənə yenildim, ram oldum, ram.
Və bəlkə elə ona görə də,
Tökə bilmədiyim
Bu bir qaşıq qanda boğuluram.
Ən böyük dərd odur ki,
Kimsə heç vaxt bilməyəcək; -
Mən doğuluşdan
Allahla Şeytan arasında
Pəncərəsi toz basmış,
qapıları taybatay
kirayə evdim;
Ancaq hələ də bu yaşda
Mən ağaclarda yaşıl,
güllərdə qırmızı,
Günəşdə qızılı rəngli,
Ayın payızda göl üstündəki
gümüşü ahəngi sevdim.
Bu yaşda məni ovudan
bir şeylər var: -
Hıçqırıq, qəhqəhə, göz yaşı...
...Və bilirəm -
Məbəddən daha gözəldi
Məbəddən uzaqda
sahibsiz bir adama
Qoyulan qonur başdaşı.
Mən o başdaşından
Baxdım hər şeyə;
Gördüm, gördüm ki, ömür
Ona bağlanılacaq qədər
uzun deyil,
qısadı, çox qısa.
Gördüm-Şeytan sarayında-
bir məclisdi
Başdaşından o yana
görünən nə vardısa.
Tanrım!
Dənizmi daha çox mavidi,
yoxsa göy üzü,
Körpü olmaqmı gözəldi
yoxsa ki, bir dərin uçurum?
Üstündə durduğum
uçurummu dərindi
yoxsa, çəkdiyim ah?
Günəş daha çox yandırar,
yoxsa cəhənnəm.
Bilmirəm, Allah.
Ah səni! İçimdən çölümə
düşən kölgə;
Səni qapımda gözləyən ölüm
bitirdi bəlkə.
Behrudi Rüstəm -
Qara cildli kitabların
üstündəki adım.
Qardaşlar, əfəndilər, deyəsən
bir az çox yaşadım...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO