
- A-
- A
- A+
Qazın qiymətində REKORD – Daha da bahalaşacaq?
Avropada noyabr ayı üzrə qaz fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 050 dolları ötüb. Bu, 2022-ci ilin dekabrından bəri ilk dəfə qeydə alınıb.
Londonun ICE birjasının məlumatlarına əsasən, Niderlandda yerləşən TTF qaz qovşağında noyabr ayı üzrə fyuçerslərin qiyməti 1 000 kubmetr üçün təxminən 1 055 dollar və ya 1 MVt/saat üçün 91,07 avro təşkil edib.
Qeyd edək ki, TTF (Title Transfer Facility) Niderlandda yerləşən virtual qaz ticarəti qovşağıdır. TTF-də formalaşan fyuçers qiymətləri Avropa qaz bazarı üçün əsas qiymət göstəricilərindən biri hesab olunur.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
2026-cı ilin 9 ayında ölkədə 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,6 milyard kubmetri “Şahdəniz”in, 1,2 milyard kubmetri “Abşeron” yatağının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. Bunun 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,2 milyard kubmetr), 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isə Suriyanın payına düşüb.
Bəs, bu bahalaşmaq nə qədər davam edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Hörmüz boğazı vasitəsilə dəniz daşımalarında fasilələrin davam etməsi və istilik mövsümünün başlaması tədarük perspektivlərinə dair narahatlıqları artırır:
“Bu səbəblərdən Avropada təbii qazın qiyməti artaraq 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Sıxılmış qazın dünya bazarına çıxarılmasında böyük əngəllər var. Nə qədər ki, dünyada geosiyasi gərginliklər davam edir, qazın qiyməti də bir o qədər yüksək olaraq qalacaq. Qazın qiymətinin yüksək olması həm də neftin baha satılmasıyla bağlıdır. Neft bahalaşdıqca qazın da qiyməti avtomatik olaraq yüksəlir. Görünən odur ki, yaxın aylarda da qazın qiyməti yüksək olaraq qalacaq”.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































