
- A-
- A
- A+
Rusiya sülh qarşılığında yalnız bu ərazini istəyir - Rubio
ABŞ Dövlət katibi Marko Rubio Rusiyanın Ukraynaya qarşı müharibəsinin mahiyyət etibarilə Donbas regionu uğrunda getdiyini bəyan edib. O bildirib ki, Moskva bu ərazini hərbi yolla ələ keçirməyə çalışır, Kiyev isə onu təslim etməkdən imtina edir.
Bizim.Media xəbər verir ki, Rubio bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc olunmuş müsahibəsində deyib.
"İnsanlar bunun 'Ukraynada müharibə' olduğunu deməyə davam edirlər. Lakin bu, Donbas uğrunda müharibədir. Münaqişə ölkənin bir regionu üstündə gedir", — deyə Amerikalı diplomat vurğulayıb.
Dövlət katibinin sözlərinə görə, söhbət Ukrayna ərazisinin təxminən 11%-dən gedir. Rubio qeyd edib ki, Rusiya bu torpaqları hərbi yolla tuta bilmir, Ukrayna isə suverenlik və uzunmüddətli təhlükəsizlik mülahizələrindən çıxış edərək həmin əraziləri vermək niyyətində deyil.
Rubio müharibənin başa çatması üçün hər iki tərəfin güzəştə getməli olduğunu düşünür.
O qeyd edib ki, münaqişəni döyüş meydanında həll etmək mümkün deyil və yeganə çıxış yolu diplomatiyadır:
"Sual bundadır: elə bir nəticəyə nail olmaq mümkündürmü ki, hər iki tərəf müəyyən fayda əldə etsin, lakin eyni zamanda güzəştlərə gedərək məsələni yekunlaşdırsın?".
ABŞ-ın Kiyev və Moskva arasında danışıqlarda vasitəçi olmağa hazır olduğunu bildirən Rubio, tərəflərin bir araya gəlməsinin belə asan olmadığını, lakin dialoqsuz heç bir irəliləyişin mümkün olmadığını diqqətə çatdırıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































