
- A-
- A
- A+
Tramp müsəlman namizədi yaraşıqlı olduğu üçün qısqanır? – ABŞ rəhbərindən şübhəli ittihamlar
ABŞ prezidenti Donald Tramp, Miçiqan ştatından olan Demokrat Partiyasının senator namizədi Abdul Əl-Sayedin müsəlmanlığına diqqət çəkərək, onu hədəfə alıb və onu sırf şəxsi təxminlərinə görə ittiham edib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublikaçıların aralıq seçkilərdə qələbə qazanacağına əminliyini ifadə edən Tramp, siyasi dalan yaranacağı təqdirdə bütün qanunvericilik aktlarına veto qoyacağını bildirib.
Tramp adəti üzrə ona narahatlıq yaradan, hansısa səbəbdən xoşlanmadığı rəqibinə qarşı ittiham bombardmanına başlayıb. “Hansısa səbəb”ə az sonra toxunarıq. Hələlik superdövlətin rəhbərinin ittiham siyahısına göz ataq:
Trampın qorxduğu “Müsəlman Qardaşlar” necə təşkilatdır?
Tramp Əl-Sayedin "Müsəlman Qardaşlar" təşkilatının üzvü olduğunu iddia edir. Məlumat üçün bildirək ki, “Müsəlman Qardaşlar” Təşkilatı 1928-ci ildə Həsən əl-Bənna tərəfindən Misirdə əsası qoyulmuş, ən böyük islamçı hərəkatı və beynəlxalq dini-siyasi təşkilatıdır.
Qurani-Kərim və Sünnənin cəmiyyət həyatının əsası kimi qəbul edilməsini təbliğ edir. Misir başda olmaqla, Sudan, Suriya, Fələstin, Livan və Şimali Afrika kimi bir çox ərəb ölkəsində bölmələri və tərəfdarları var. 2011-ci il "Ərəb baharı" inqilablarından sonra Misirdə siyasi səhnəyə çıxmış, təşkilatın namizədi Məhəmməd Mursi prezident seçilmiş, lakin 2013-cü ildə hərbi çevrilişlə devrilmişdi.
Təşkilat rəsmi olaraq Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Almaniya və bir sıra digər ölkələr tərəfindən terror təşkilatı hesab olunur.
"Amansız, zorakılığa meylli, cihadçı..."
Qeyd edək ki, Əl-Sayed, 5 avqustda keçirilmiş ilkin seçkilərdə (praymeriz) qalib gələrək, Miçiqan ştatında Demokrat Partiyasından senatorluğa namizədlik hüququ qazanıb. ABŞ-da 3 noyabrda keçiriləcək aralıq seçkilərinin nəticələrindən indidən naraha olan Tramp, misir əsilli, Miçiqan ştatından Demokrat Partiyanın senator namizədi Əl-Sayedini hədəf alıb. Onu "amansız, zorakılığa meylli, cihadçı" adlandırıb.
Məhəmməd adı Trampı niyə narahat edir?
O, belə bir namizədin ABŞ hökumətində yeri olmamalı olduğunu israrla bildirir. "Onun ikinci adı əslində Məhəmməddir. Bunu bilirdinizmi? Onun əsl adı Əbdül Məhəmməddir. O, saxtakardır. Biz saxtakarlara yol verə bilmərik"- deyə əl-ayağa düşüb.
Hər halda seçimini etmiş Miçiqan öz namizədini daha yaxşı tanıyır və Trampın başı gözəllik yarışlarına qatışdığı vaxtlarda Əl-Sayedi doğulduğu, boya-başa çatdığı Miçiqan ştatının rifahı üçün öncə bir həkim, sonra da dövlət qulluqçusu kimi əlindən gələnin artığını edib.
Miçiqanın fədakar həkimi
Belə ki, həkim-epidemioloq Abdul Detroytun Səhiyyə Departamentini iflasdan sonra yenidən təkbaşına qurub. Bundan sonra 1,8 milyon sakinə xidmət göstərən Ueyn Qraflığının Səhiyyə, İnsan və Veteranlar Xidmətləri Departamentinə rəhbərlik edərkən uşaqlar üçün pulsuz eynək təmin edib, korporativ çirkləndiricilərlə mübarizə aparıb və 700 milyon dollara qədər tibbi borcun silinməsi üçün proqram başladıb.
Görünən odur ki, Miçiqan sakinləri ərəb əsilli sevimli həkimlərinin fədakarlığını mükafatlandırmaq üçün onu ABŞ Konqresinin Yuxarı Palatasında görmək istəyiblər. Bu isə Trampın qətiyyən xoşuna gəlməyib. Yaxud Avropaəslilli amerikalılar qala-qala ərəbin fədakarlığını həzm edə bilməyib.
Yuxarıda qeyd etdiyimiz “hansısa səbəb”ə gəlincə, sosial mediada belə zarafat edirlər ki, 80 yaşlı Tramp 42 yaşlı yaraşıqlı, işgüzar, ağıllı ərəbə həsəd aparır. Onun narahatlığının arxasında bu deyilənlərin olub-olmaması bir təxmindir, hər halda qoca qurdun cavan şirə qarşı dişlərini qıcadığı göz önündədir.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































