
- A-
- A
- A+
Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları
Xəbər verdiyimiz kimi, ABŞ-ın Tennessi ştatında 1995-ci ildə tələbə yoldaşını qətlə yetirdiyinə görə ölüm hökmünə məhkum edilmiş 50 yaşlı Krista Payk (Christa Pike) iki dəfə ölümcül dərman inyeksiya olunmasına baxmayaraq sağ qalıb. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdə icra prosesinin dəhşətli təfərrüatları üzə çıxıb.
Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, vəkil Rendi Spivin (Randy Spivey) məhkəməyə təqdim etdiyi rəsmi sənəddə sentyabrın 30-da baş tutan edam cəhdi zamanı xüsusi heyətin böyük səriştəsizliyə yol verdiyini bildirib.
Məlumata görə, edam komandası qadının qollarında vena damarlarını tapmaq üçün 10-dan çox iynədən istifadə edib və 49 dəqiqə vaxt sərf edib. İynələrin vurulması zamanı damarların partladığı və infuziya sisteminin düzgün qoşulmadığı qeyd olunur. Vəkil bildirib ki, qadına birinci dozadan sonra öldürücü "pentobarbital" maddəsinin ikinci dozası da vurulub.
Ştatın edam protokolunda birinci doza ölümə səbəb olmadıqda ikincinin vurulması nəzərdə tutulsa da, məhkum iki dozadan sonra da sağ qalarsa, nə ediləcəyi barədə heç bir tənzimləmə yoxdur.
Şiddətli yanğı və ağrılardan şikayətlənən, daha sonra tənəffüs sistemi dayanan Payk təcili olaraq xəstəxanaya çatdırılıb və günlərlə süni tənəffüs aparatına qoşulu qalıb.
Həkimlərin səyi nəticəsində huşu özünə qayıdan məhkum sonradan yenidən həbsxanaya qaytarılıb.
Qeyd edək ki, Krista Payk 18 yaşında ikən sevgilisi ilə birgə sinif yoldaşı Kollin Slemmeri (Colleen Slemmer) işgəncə ilə qətlə yetirərək ABŞ tarixində ölüm hökmü alan ən gənc qadınlardan biri olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































