
- A-
- A
- A+
Ədəbiyyat
13:24 / 21.12.2015
5 dəq oxunma
“Balaca gölməçələri şappıldatmaq hələ şair olmaq deyil”x9d
Hazırda oxunan: “Balaca gölməçələri şappıldatmaq hələ şair olmaq deyil”x9d
112442
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Moderator.az istedadlı qələm sahiblərinin ictimai təqdimatını davam etdirir. Bu dəfə isə şair Ayaz Arabaçı ilə söhbəti təqdim edirik:
- Salam, xoş gördük, Ayaz müəllim. Necəsiniz?
- Yəqin ki, necəsiniz sualı söhbətimizə körpü salmaq üçün bir vasitədir. Deyəsən Nazim Hikmət demişdi: halım məmləkətin halı.
- Özünüzü necə təqdim edərdiniz?
- Özümü bilmirəm necə təqdim edim, elə Ayaz Arabaçı desəm bəsdi məncə.
- Ayaz müəllim, şeirə vurğun olduğunuzu, təbii ki, bilirik. Onu da bilmək maraqlı olardı, şeir sizin üçün nədir?
- Şeir mənə gözəlliklər vəd edən Tanrıdı, arxasında təsvir edə bilmədiyim cazibələr yaşadan harmoniyadı və nəhayət satışını təşkil edə bilmədiyim məhsuldu.
- Ədəbiyyatı özünüzə yaxın hiss edirsinizmi?
- Mənim ədəbiyyatı özümə yaxın hesab etməyimlə heç nə dəyişmir, əsas ədəbiyyatın məni özünə yaxın hesab eləməyidir.
- Ədəbiyyat ilə təmasda olmaq sizdə alınırmı?
- Məşğul olmaq bir az barmaqlarını şaqqıldatmaq kimi bir şeydi, amma ədəbiyyata könül verib ədəbiyyatsız qala bilməmək bam-başqadır. Bu adama rahatlıq verməyən xatirələr kimidir, hər an ona qayıdırsan.
- Özünüzü tanınmış şair hesab edirsinizmi?
- Özümü tanınmış şair hesab etmirəm və bu kimi bir kompleksim də yox. Bir quş nə qədər yüksəkliyə qalxa bilərsə o qədər qalxar. Biri var güzgüdə görünənləri görmək, biri də var görünməyənləri əks etdirmək. Balaca gölməçələri şappıldatmaq hələ şair olmaq deyil.
- Şeirləriniz əsasən kimə və nəyə həsr olunur?
- Şeirlərim pəncərələrə, yağışlara, küləklərə, ot basmış cığırlara, yollara, qatarlara, gözündə günəşin şəfəqləri sönən adamlara həsr olunub.
- Şeir yazmağa nə vaxtdan başlamısınız?
- Şeir yazmağa başladığım vaxtı dəqiq xatırlamıram, bu çoxdan olub. İlk şeirlərim təzəcə ustalığa başlayan bir bənnanın tikdiyi əyri daxmalara bənzəyirdi...
- Müxtəlif sayt və xəbər portallarında şeirləriniz dərc olunanda oxucuların sayını izləyirsinizmi? Yəni oxucularınızın sayı sizə nə dərəcədə önəmli və maraqlıdır?
- Məni şeirlərimin taleyi maraqlandırmır, ona görə də onların harda nə vaxt çap olunması məni düşündürmür. Şeir mənim üçün yazılanacan əhəmiyyətlidir, sonra isə onlar vaqonu tələsik tərk edən sərnişinlərə bənzəyir. Oxucuların sayının çox olması fərəh gətirə də bilir, gətirməyə də...
- Hər bir yaradıcı insanın, xüsusilə də, şairlərin öz ilham pəriləri olur. Sizin bəs ilham pəriniz varmı?
- İlham pərisi adamı sələmə oturdur, ona görə mən işlərimi pərisiz nizamlayıram.
- Hal-hazırda hansısa şeirin üstündə işləyirsiniz?
- Mənim üçün üzərində işləmək deyə bir şey yoxdu. Yaza biləndə birnəfəsə yazıram, amma uzun zaman düşünə bilirəm. Hər halda son vaxtlar məni gah yuxuya verən, gah da oyadan bir mövzu var, onu fikirləşirəm:"könlüm uzaqlara getmək istəyir".
- Şairliyə maddi maraq kimi baxanlar da var, hətta bəziləri bəhrəsini də görür. Sizin üçün şairlik nədir, maddi maraq, yoxsa mənəvi ehtiyac?
- Şairlik qaynar tiyanda qıvrılmaq kimidir. Bu daha mox mənəvi məsələdir, amma maddi tərəfləri də olsa adam bəzi şərəfsiz qayğılardan qurtular.
- Belə başa düşmək olar ki, bu sənəti sevirsiniz...
- Bəli, bu sənəti sevirəm o mənim tənhalığımın hənirtisidir. O məni xilas edir, duyğularımı, ömrümü təzələyir.
- Adətən, sərbəst şeir yazan şairlər qınaq obyektinə çevrilirlər, hətta haqsız iradlara da tuş gəlirlər. Bəlkə sərbəst şeirləri çoxları anlamır?
- Sərbəst şeiri kiminsə anlayıb-anlamamağı onun öz işidir, mənimçün şeirin hər bir vəzni duyğularımı eyni cür muncuqlandırır, əsas odur ki, şairin sifəti yerində olsun, uydurduğu yalanda və gördüyü yuxuda azmasın.
- Çox təəssüf ki, bu gün bir-iki cızma-qara edən də özünü şair hesab edir...
- Heç kimə demək olmur ki, sən şeir yazma, ya özünü şair hesab eləmə.. Onsuz da adamlar təsadüfi şeylərlə qarın doyurmağa alışıb.. Nə olacaq olsun.
- Ümumiyyətlə, şair daxili dünyasında baş verən zəngin hadisələrə əsaslanaraq o şeirləri ərsəyə gətirməlidir, yoxsa hiss edib düşündüyünü yazmalıdır?
- Bəzən nəyi necə eləmək adamın özündən asılı olmur. Əsas odur ki, qılıncın ovxardan düşməsin. Biz həyatın özüyük, bəzən nəinki öz düşüncələrimizi, başqalarının da düşündüklərini yazırıq.
- Ədəbiyyatın qanunları nədən ibarətdir?
- Ədəbiyyatın da öz qanunları var və bunu tənqidçilərin öhdəsinə buraxaq, təfərrüatlar mənlik deyil. Məni sözləri isitmək və sevindirmək daha çox məşğul edir.
- Sizcə, şairliyin ən gözəl cəhəti nədir?
- Şairliyin ən gözəl xüsusiyyəti hisslər burulğanında ilan kimi dəridən qabıqdan çıxmaqdır.
- Ən çox sevdiyiniz şair kimdir? Kimi daha çox oxuyursunuz?
- Bütün şairləri sevirəm. Yorulmuşam son vaxtlar heç kimi oxumuram.
- Neçə kitabınız çap olunub?
- Bir neçə kitabım çıxıb, bunu pıçıltı ilə deyirəm, məncə hələ öyünüləsi bir şey yoxdur.
- Şeirlərinizi, ümumiyyətlə, günün hansı çağı yazırsınız?
- Şerlərimin məxsusi yazma vaxtı yoxdur harda nə vaxt yaxaladım yazıram.
- Yaxşı şeir yazıb ortaya çıxarmaq üçün şairə nə qədər vaxt lazımdır?
- Şeir bir anda yazılır, yazmağa vaxt lazım olmur. Bu qəfildən çırpı toplayıb ocaq qalamaq kimidir..
- Gənc şairlər hərdən tənqidlə üzləşir. Bəs siz kimisə nə vaxtsa tənqid edibsizmi? Ümumiyyətlə, tənqidə münasibətiniz necədir?
- Tənqidlə aram yoxdur. Heç kimi də tənqid etməmişəm, bu sahədə dinməz müşahidəçiyəm. Əvvəl-axır çəkişmələrə gətirib çıxardan işlərdən qaçıram.
- Oxucularla tez-tez ünsiyyətdə olursunuz?
- Oxucularla ünsiyyətim sosial şəbəkədə daha çox olur, aradabir tədbirlərdə filanda da görüşürük
- Şeir şairin fikirlərini tam əks etdirə bilirmi?
- Şeir səni narahat eləyən şeylərin ruhunu tutmaqdı. Şair ancaq onda rahat olur.
- Sonuncu şeiriniz nəyə həsr olunub?
- Sonuncu şeirim hələ yoxdu, Allah bilir nə vaxt olacaq.
- Sevdiyiniz xanıma şeir həsr etmisinizmi?
- Sevdiyim xanıma şeir həsr etdiyimi deyə bilmərəm, amma ona duyğularımdan çələng hörmək üçün yetərincə çabalamışam.
- Şeir zənginlik, şair isə zəngin insandır. Siz özünüzü zəngin hiss edirsinizmi?
- Zənginlik barədə sualınız çox qəliz oldu, bunu qoy oxucular desin.
Leyla Namazova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































