
- A-
- A
- A+
Rusiya səfirindən xəbərdarlıq: “Ermənistan xarici siyasət kursunu müəyyənləşdirməlidir”
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanın xarici siyasət kursunu dəyişməsinin iki ölkə arasındakı münasibətlərə, o cümlədən iqtisadi əməkdaşlığa yenidən baxılmasını tələb etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, o, Ermənistan İctimai Radiosuna müsahibəsində ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurduğunu, Avropa İttifaqına üzvlük prosesinə başlamaq barədə qanun qəbul etdiyini və xarici əlaqələrini şaxələndirməyə yönəldiyini xatırladıb.
Diplomatın sözlərinə görə, Ermənistan həm Avropa İttifaqına yaxınlaşmaq, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünü qorumaq məsələsində seçim etməlidir.
Kopırkin Rusiyanın Ermənistanın Aİİ-də üzvlüyünü saxlamasını ölkənin maraqlarına uyğun hesab etdiyini bildirib. O, bu üzvlüyün ticarət dövriyyəsinin və iqtisadiyyatın inkişafı baxımından ciddi üstünlüklər yaratdığını vurğulayıb.
Səfir əlavə edib ki, Ermənistanın xarici siyasət prioritetlərini müəyyənləşdirmək suveren hüququdur.
Bununla belə, iki ölkə arasında gələcək ticarət-iqtisadi əməkdaşlığın da İrəvanın seçəcəyi inteqrasiya kursundan asılı olacağını qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































