
- A-
- A
- A+
Krakovda terror aktı törədən şəxs öncə valideynlərini və bacısını qətlə yetirib
Polşanın Krakov şəhərində hücum törədən şəxs hadisədən əvvəl öz evində üç ailə üzvünü – valideynlərini və bacısını öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli polis idarəsinin mətbuat katibi Andjey Fiyolek RMF FM radiostansiyasının efirində məlumat verib.
“Dünən Ostrovets-Sventokşiski şəhərindəki çoxmənzilli binada 24 yaşlı Mixal O.-nun bacısının və valideynlərinin meyitləri aşkarlanıb”, – deyə o bildirib.
Sventokşiski voyevodalığının polisi həlak olanların 21 və 52 yaşlı iki qadın, eləcə də 53 yaşlı kişi olduğunu açıqlayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, meyitlərdə ilkin olaraq odlu silah yarası kimi qiymətləndirilən xəsarətlər aşkarlanıb.
Eyni mənzildə yeddi ədəd silah da tapılıb. İlkin məlumata görə, silahlar atəş açan şəxsin atasına məxsus olub. Onun silahları saxlamaq və istifadə etmək üçün icazəsi olub.
Hücum şənbə günü baş verib. Gənc avtomobillə Krakovun qədim hissəsində hərəkət edərkən yoldan keçənlərə atəş açıb. Nəticədə azı altı nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralılardan 13-nün vəziyyəti ağırdır.
Atəş açan şəxs yaralanaraq saxlanılıb və xəstəxanaya yerləşdirilib. Polşa Daxili İşlər Nazirliyinin məlumatına görə, o, ölkə vətəndaşıdır və ifrat sağçı baxışlara malik olub.
Polşa radiosunun daha əvvəl yaydığı məlumata görə, hücum edənin avtomobilində xeyli sayda patron olub, o isə hərbi tipli uzunlüləli silahdan atəş açıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































