
- A-
- A
- A+
Kiyevdə yerüstü ictimai nəqliyyat pulsuz olacaq? – Zelenski tapşırıq verdi
Ukrayna hökuməti metroda nasazlıq yaranacağı və ya Dnepr çayı üzərindəki körpülər zədələnəcəyi təqdirdə paytaxtın nəqliyyat sisteminin fəaliyyətini təmin etmək üçün konkret tədbirlər hazırlamalıdır.
Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə yerüstü ictimai nəqliyyatda pulsuz gediş proqramının hazırlanması ilə bağlı Baş nazir Sergey Koretskiyə tapşırıq verib.
Dövlət başçısı bu barədə seçkilərarası müşavirənin yekunları ilə bağlı “Telegram” kanalında paylaşım edib.
Zelenskinin sözlərinə görə, Baş nazir Sergey Koretski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko və daxili işlər naziri İvan Vıqovski paytaxt üçün ehtiyat nəqliyyat sxemlərinin variantlarını təqdim ediblər.
Hazırda lazımi sayda nəqliyyat vasitəsinin müəyyənləşdirilməsi və Kiyevin bəzi rayonlarında yol hərəkətinin yenidən təşkili məsələləri üzərində iş aparılır.
“Metroda fasilələr və ya Dnepr üzərindəki körpülərlə bağlı problemlər yaranacağı təqdirdə şəhər yerüstü nəqliyyatının fasiləsiz və hamı üçün əlçatan fəaliyyətini təmin etmək məqsədilə hökumətin konkret tədbirlər hazırlaması vacibdir. Baş nazirə şəhər yerüstü nəqliyyatında pulsuz gediş proqramı təqdim etməyi və Kiyev üçün kifayət qədər ehtiyat avtobus təmin etməyi tapşırmışam”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, Ukraynada enerji və kritik infrastruktur obyektlərinə davamlı hava hücumları səbəbindən Kiyevdə elektrik enerjisinin verilişində fasilələr yaranır. Bu isə şəhər nəqliyyatının fəaliyyətinə təsir göstərir.
Enerji Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Xarcenkonun sözlərinə görə, elektrik şəbəkəsində gərginliyin aşağı düşməsi səbəbindən metroda hərəkət dayanır, tramvay və trolleybusların fəaliyyəti də pozulur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































