Polşada ölkə prezidenti və xarici işlər nazirinə qarşı guya sui-qəsdlərin hazırlanması barədə yalan məlumatlar yaymaqda şübhəli bilinən varşavalı 48 yaşlı vəkil saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "RMF24" radiostansiyası məlumat yayıb.
Masey Z. kimi identifikasiya edilən şəxs özünü müxtəlif tanınmış ictimai xadimlər kimi təqdim edərək, Polşa Prezidenti Karol Navrotski və XİN başçısı Radoslav Sikorskinin ünvanına ehtimal olunan təhdidlərlə bağlı saxta ismarıclar göndərib.
Axtarış zamanı polis şübhəli şəxsin mənzilinə güclə daxil olmaq məcburiyyətində qalıb. İstintaqın gedişatına yaxın mənbələrin verdiyi məlumata görə, mənzildə çoxsaylı soyuq silah nümunələri, həmçinin üzərində nasist və faşist simvolları olan əşyalar aşkar edilib.
Bundan əlavə, istintaq qanunsuz silah saxlama ehtimalı ilə bağlı halları da araşdırır.
Məhkəmə artıq şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçib. Polşanın hüquq-mühafizə orqanları yalan hədə mesajları ilə bağlı bütün epizodların tam dairəsini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.
Bizim.Media

































































































