Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin qiyafəsini dəyişdirəcək növbəti yeniliyə imza atıb. Belə ki, icra başçısı şəhərdəki bütün ticarət və ictimai iaşə müəssisələrinə məxsus qara rəngli şüşələrin şəffaf şüşələrlə əvəzlənməsinə qərar verib.
Bu barədə Moderator.az - ı bilgiləndirən mənbənin sözlərinə görə, icra başçısının bu qərarı iş adamları tərəfindən birmənalı qarşılanmayıb. Sahibkarlar keçmiş icra başçısı Eldar Əzizovun göstərişilə obyektlərindəki şüşələri böyük vəsaitlər hesabına qara rəngli şüşələrlə əvəzləsələr də, Z.Fərəcovun məlum qərarı onlara baha başa gələcək. Belə ki, yeni başçının bu göstərişi onları ikinci dəfə böyük xərc hesabına qara şüşələri şəffaf şüşələrlə əvəzləmək məcburiyyəti qarşısında qoyub.
Artıq iri ticarət mərkəzlərində çalışan icarədarlara rəhbərlik tərəfindən də müvafiq xəbərdarlıqlar edilib və bildirilib ki, şüşələrin dəyişdirilməsi ilə bağlı prosesə start veriləndən sonra hər bir icarədar bunu öz vəsaiti hesabına həyata keçirəcək. Hansı ki, bu, aylıq icarə haqqı ödəyən icarədarlar üçün əlavə xərc və problem deməkdir. Odur ki, icarədarlar bu dəyişikliyin dövlət vəsaiti hesabına həyata keçirilməsini daha məqsədəuyğun hesb edir.




































































































