
- A-
- A
- A+
Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO
Böyük Qayıdışın yeni ünvanlarından biri də Füzuli rayonunun Dövlətyarlı kəndi olacaq. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə, xatirələrinin iz saldığı küçələrə, uşaqlıqlarının keçdiyi torpaqlara qayıdacağı gün artıq uzaqda deyil. Vaxtilə həyatın öz axarı ilə davam etdiyi bu kənddə indi yenidən evlər tikilir, yollar salınır, sosial infrastruktur yaradılır.
Bizim.Media xəbər verir ki, görülən işlərin böyük bir hissəsinin başa çatması, doğma yurda qayıdışın yaxınlaşdığından xəbər verir. Tezliklə Dövlətyarlı yenidən sakinlərinin səsi, uşaqların gülüşü ilə canlanacaq, doğma torpaq öz sahiblərinə qucaq açacaq.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Təranə Quliyeva müsahibəsində bildirib ki, Füzuli rayonunun Dövlətyarlı kəndində Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.
"Layihənin birinci mərhələsi üzrə ümumilikdə 137,1 hektar ərazini əhatə edən yaşayış məntəqəsində fərdi yaşayış evləri, sosial infrastruktur obyektləri, eləcə də yol və kommunikasiya şəbəkələri inşa olunur. Birinci mərhələ üzrə kənddə ümumilikdə 450 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub. Evlər birmərtəbəli olmaqla 2, 3, 4 və 5 otaqlı layihələr əsasında inşa edilir.
Kənd sakinlərinin sosial ehtiyaclarının qarşılanması məqsədilə müvafiq infrastrukturun yaradılmasına da xüsusi diqqət yetirilir. Bu çərçivədə ikimərtəbəli 360 yerlik tam orta məktəbin, birmərtəbəli 120 yerlik uşaq bağçasının, həkim tibb məntəqəsinin və ikimərtəbəli inzibati binanın tikintisi həyata keçirilir.
Eyni zamanda, məktəb və uşaq bağçasının istilik təminatı üçün nəzərdə tutulan qazanxananın inşası üzrə də işlər davam etdirilir. Bununla yanaşı, kəndin dayanıqlı kommunal təminatının yaradılması istiqamətində yol və mühəndis-kommunikasiya infrastrukturu qurulur.
Birinci mərhələ üzrə daxili yolların ümumi uzunluğu 15,68 kilometr təşkil edir. Eyni zamanda, ərazidə elektrik enerjisi, rabitə, su və qaz təchizatı, eləcə də kanalizasiya şəbəkəsinin qurulması istiqamətində müvafiq işlər həyata keçirilir. Görülən işlərin əsas məqsədi Dövlətyarlı kəndində müasir yaşayış şəraitinin yaradılması, əhalinin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi, sosial xidmətlərə əlçatanlığın artırılması və kəndin dayanıqlı inkişafı üçün zəruri infrastrukturun formalaşdırılmasıdır".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.











































































































