11, yoxsa 12 il? – Azərbaycanda məktəb təhsilinin müddəti yenidən GÜNDƏMDƏ

11, yoxsa 12 il? – Azərbaycanda məktəb təhsilinin müddəti yenidən GÜNDƏMDƏ

Hazırda oxunan: 11, yoxsa 12 il? – Azərbaycanda məktəb təhsilinin müddəti yenidən GÜNDƏMDƏ

636808

Azərbaycanda məktəb təhsilinin müddəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Parlamentdə 12 illik təhsilə keçidlə bağlı təklif səsləndirilib. Bu məsələ isə təkcə təhsil müddətinin bir il artırılması ilə məhdudlaşmır. Çünki belə dəyişiklik kurikulumdan dərs yükünə, şagirdlərin qiymətləndirilməsindən universitetə qəbul qaydalarına qədər bir sıra məsələlərə yenidən baxılmasını tələb edə bilər.

Hazırda qüvvədə olan “Təhsil haqqında” Qanun təhsil sisteminin əsas hüquqi çərçivəsini müəyyənləşdirir. Eyni zamanda son dövrlərdə təhsil haqqında yeni qanunun qəbulu məsələsi də müzakirə olunur.

Ümumiyyətlə, təhsillə bağlı hansı köklü dəyişiklikliklərə ehtiyac var və qanunda dəyişiklik gözlənilirmi?

Bizim.Media nəsələ barədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimovanın fikirlərini öyrənib.

Deputat 12 illik təhsilə keçidlə təhsilin keyfiyyətinin yüksələcəyi fikrinin ona absurd göründüyünü qeyd edib:

“Çünki təhsildə əsas məsələ uşağın məktəbdə neçə il qalması deyil, həmin illərin ona nə verməsidir. Bir ili artırmaqla nəticənin yaxşılaşacağına dair ciddi əsas yoxdursa, bu, problemin özünü deyil, sadəcə təqvimini dəyişmək deməkdir. Bu gün bizim daha çox müzakirə etməli olduğumuz sual “məktəbdə neçə il oxuyaq?” yox, “bu illəri necə daha səmərəli edək?” sualıdır.

Şagird 11 ildə fundamental bilikləri, analitik düşünmə qabiliyyətini, xarici dili, rəqəmsal bacarıqları və peşə seçimi üçün zəruri istiqamətləri əldə edə bilmirsə, 12-ci ilin əlavə olunması təkbaşına vəziyyəti dəyişməyəcək. Üstəlik, təhsil müddətinin uzadılmasının insan həyatındakı real nəticələrini də hesablamaq lazımdır.

Məsələn, həkim olmaq istəyən bir gənc onsuz da məktəbdən sonra uzunmüddətli ali təhsil və ixtisaslaşma mərhələsindən keçir. Məktəbi də bir il uzatdıqda gəncin əmək bazarına çıxışı daha da gecikəcək. Yəni sadəcə təhsil müddətini artırmaqla biz savadlı nəsil deyil, təhsildə daha çox vaxt keçirən nəsil formalaşdıra bilərik. Fərq böyükdür”.

O bildirib ki, inkişaf etmiş təhsil sistemlərinin təcrübəsi də göstərir ki, nəticəni yalnız təhsil illərinin sayı müəyyən etmir:

“Kurikulumun məzmunu, müəllimin hazırlığı, məktəb rəhbərliyinin keyfiyyəti, şagirdin fərdi inkişafı, peşə yönümü, qiymətləndirmə sistemi və ali təhsilə keçid mexanizmləri daha həlledici məsələlərdir. Məncə, köklü dəyişiklik məktəbin bir il uzadılmasından əvvəl bu suallara cavab verməkdən başlamalıdır: Niyə şagird məktəbi bitirəndə oxuduğunu tətbiq etməkdə çətinlik çəkir? Niyə peşə təhsili hələ də bir çox ailələr üçün ali təhsilin alternativi kimi qəbul olunmur? Niyə müəllimin peşəkar inkişafı sistemli şəkildə qurulmayıb? Niyə məktəbdə uşağın gələcək peşəsini seçməsinə kömək edən real mexanizmlər kifayət qədər güclü deyil?”

Yeni “Təhsil haqqında” qanun məsələsinə gəlincə isə parlament üzvü burada əsas gözləntinin dəyişikliklərin təhsil sisteminin real problemlərinə cavab verməsi olduğunu vurğulayıb:

“Qanun məktəbin, müəllimin, şagirdin və valideynin münasibətlərini daha aydın müəyyənləşdirməli, məsuliyyət və keyfiyyət meyarlarını konkretləşdirməli, müasir təhsil modellərinə keçidi hüquqi baxımdan təmin etməlidir. Təhsildə islahatın meyarı “bir il də əlavə etdik” olmamalıdır.

Meyar bu olmalıdır: həmin dəyişiklikdən sonra uşaq daha yaxşı öyrənəcəkmi, müəllim daha yaxşı işləyəcəkmi, valideyn daha keyfiyyətli xidmət alacaqmı və gənc əmək bazarına daha hazırlıqlı çıxacaqmı? Əgər bu suallara cavab “bəli” olmayacaqsa, 11 ili 12 ilə dəyişmək sadəcə rəqəmi dəyişməkdir. Təhsilin problemini isə rəqəmlərlə deyil, məzmunla həll etmək lazımdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO