Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin payız sessiyası çərçivəsində Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində və “Aviasiya haqqında” qanuna edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə görə, kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinə iş vaxtının və istirahət vaxtının tənzimlənməsi ilə bağlı müvafiq normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Əmək Məcəlləsinin müvafiq normaları şamil ediləcək.
Bundan əlavə, “Aviasiya haqqında” Qanuna “uçuş iş vaxtı” anlayışı daxil edilir.
Uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşun həyata keçirilməsi üçün hava limanına gəldiyi vaxtdan başlayaraq son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər olan müddəti əhatə edəcək.
Qanuna təklif olunan yeni 27-1-ci maddə ilə kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının, o cümlədən uçuş vaxtı və uçuş iş vaxtının tənzimlənməsi nəzərdə tutulur.
Belə ki, bu sahədə iş və istirahət vaxtı “Aviasiya haqqında” Qanuna, Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, habelə müəyyən ediləcək qaydalara uyğun olaraq tənzimlənəcək.
Qeyd olunur ki, qanunda və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarda tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə müəyyən ediləcək.
Layihəyə əsasən, hava gəmisi heyətinin iş vaxtı istənilən 7, 14 və 28 ardıcıl gün, eləcə də bir təqvim ili ərzində maksimal iş saatları əsasında müəyyənləşdiriləcək.
Eyni zamanda, heyətin uçuş vaxtı da ayrıca məhdudlaşdırılacaq. Bu müddət istənilən 28 ardıcıl gün, bir təqvim ili və ardıcıl 12 təqvim ayı ərzində maksimal uçuş saatları əsasında müəyyən ediləcək.
Dəyişikliklərin məqsədi kommersiya hava daşımalarında çalışan hava gəmisi heyətinin iş və istirahət vaxtının beynəlxalq aviasiya standartlarına uyğun şəkildə tənzimlənməsini təmin etməkdir.
Günay Şahmar, Bizim.Media

































































































