Amma təbii ki, söhbət abırlı texniki peşə təhsili verməkdən, gəncləri əməyə cəlb etməkdən, çörək qazanmaq və ailə həyatı qurmağa yetəcək peşə vərdişlərinə yiyələnməkdən gedir.
Yeri gəlmişkən, parlamentdəki bu məzmundakı müzakirələrin getdiyi bir vaxtda Moderator.az-a Tovuz Peşə Liseyi barədə bir xoşagəlməz məktub daxil olub. İddia olunur ki, bu ilin yayında işdən kənarlaşdırılan direktor Elcan Musayevin yerinə Yeganə Əmrahova təyin edilib. Daha doğrusu, o hələ də təyina olunmayıb, diektor səlahiyyətlərini icra edir. Amma o qısa müddət ərzində pedaqoji kollektivin iş ahəngini özünəməxsus şəkilə salmağa müvəffəq olub...
Yeganə Əmrahova haqqında xoşagəlməz ifadələrin və rus dili müəlliməsi kimi məhz əvvəlki direktor tərəfindən liseyə işə götürülməsindən sonra baş verənlər barədə ilginc informasiyanın yer aldığı həmin material xeyli suallar doğurur. Amma bu barədə əlimizdə sübut olmadığından yazının həmin hissəsini çıxarmaq qərarına gəldik. Amma ortada çox ciddi iddialar və lazım gəlsə iddiaların sübut ediləcəyi barədə fikirlər də var.
Bunları yazmasaq da 300 şagirdin təhsil aldığı bu liseydə əksəriyyət uşaqların dərsə gəlmədiyi iddiasını Təhsil Nazirliyi rəhbərliyinin diqqətinə çatdırmağı özümüzə borc hesab edirik. Belə ki, həmin şagirdlərin təqaüd kartlarının hamısının direktorda olduğu, hər ay hər birindən 35 manat pul götürüldüyü də deyilir.
Kollektivin narazı üzvlərinə ötkəm cavab verən direktor əvəzinin Təhsil Nazirliyində texniki peşə təhsili şöbəsinə rəhbərlik edən Namiq müəllimə arxalandığını da çəkinmədən söylədiyi vurğulanır.
Redaksiyadan: Biz milli mentalitetimizə qayğıdan çıxış edərək kimsənin şəxsi həyatı barədə dəqiqləşdirilməmiş informasiyanı yaymırıq. Amma ümid edirik ki, təhsil naziri Mikayıl Cabbarov dünən YAP-çı deputat Siyavuş Novruzovun "23 ildir təhsildə islahat aparıldığı deyilir, amma ortada hələ də bir şey yoxdur" atmacasına cavab olacaq bir addım ataraq iddiaların nə dərəcədə həqiqət olduğunu yoxlatdıracaq, islahatçı obrazını əməli işlə bir daha sübut edəcək.


































































































