"Mediada bəzən ayrı-seçkilik və nifrət aşılayan xəbərlər yer alır".
Bunu İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev media nümayəndələri üçün keçirilən təlimdə bildirib.
O qeyd edib ki, xəbərlərin işıqlandırması zamanı insan hüquqları ilə bağlı məqamlarlara diqqət edilməlidir.
"Xəbər verilir ki, qadın sürücü qəza törətdi - bu birbaşa cinsi ayrı-seçkilik aşılayan məlumatdır. Yaxud bölgələrdə milli azlıqlarla bağlı hadisələri qabardırlar ki, bu olduqca həssas mövzudur ki, nifrət yaradacaq məqamlara yol verilməməlidir. Digər bir yanlışlıq keçmiş məhkumlarla bağlıdır. Başlıqda yazılır k, məsələn i keçmiş məhkum narazılıq yaratdı. Bu, cəzasını çəkmiş şəxsin yeni həyata adaptasiya olmasına mane olur".
H. Babayev diqqətə çatdırıb ki, Azərbaycanda sosial və hüquqi siyasətin əsas məqsədlərindən biri cəmiyyətin bütün üzvlərinin normal həyata qayıtmasına şərait yaratmaqdır. Bu baxımdan cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin cəmiyyətə yenidən inteqrasiyası xüsusi əhəmiyyət daşıyır.
Məhkumlar cəzalarını çəkdikdən sonra cəmiyyətə qayıdır və onların ömürlük damğalanması doğru yanaşma hesab edilə bilməz. Bu şəxslər sabah əmək bazarının iştirakçısına çevrilməli, ailələrini dolandırmalı və cəmiyyət üçün faydalı vətəndaş olmalıdırlar. Lakin sosial münasibətlərdəki ayrı-seçkilik və maddi çətinliklər onların yenidən normal həyata qayıtmasını çətinləşdirir.
Şəfiqə Şəfa, Bizim.Media


































































































