Azov dənizində hücuma məruz qalmış yük gəmisində həyatını itirən Azərbaycan vətəndaşlarından biri – Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 29 yaşlı Məhəmməd Əliyev bu gün doğulduğu kənddə son mənzilə yola salınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhumun cənazəsi Aşağı Tala kəndində cənazə namazı qılındıqdan sonra torpağa tapşırılıb.
Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, mərhumun yaxınları, eləcə də uzun illər birlikdə çalışdığı gəmiçi yoldaşları iştirak ediblər. Mərasim iştirakçıları məzarı üzərinə əklillər düzüb, onun ruhuna dualar oxuyublar.
Məhəmməd Əliyev Dəniz Akademiyasını bitirdikdən sonra müxtəlif şirkətlərlə müqavilə əsasında dəniz nəqliyyatı sahəsində çalışıb. Son illərdə kapitan köməkçisi kimi fəaliyyət göstərən dənizçi ailəli olub, 2 yaşlı övladı yadigar qalıb.
Məhəmməd peşəsini sevən, məsuliyyətli və təcrübəli mütəxəssis idi. Ailə üzvləri onun vaxtsız ölümü ilə bağlı dərin kədər içində olduqlarını bildiriblər.
Xatırladaq ki, iyunun 5-nə keçən gecə göyərtəsində 25 azərbaycanlının olduğu iki gəmi Azov dənizində hücuma məruz qalıb. Hadisə nəticəsində 5 Azərbaycan vətəndaşının həlak olduğu bildirilir.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu


































































































