Qazi bir maşın odun istəyir – İcra başçısı KORONA QORXUSUNDAN onu qəbul etmir

Hazırda oxunan: Qazi bir maşın odun istəyir – İcra başçısı KORONA QORXUSUNDAN onu qəbul etmir

50598

Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edən və həmin döyüşlərdə ağır yaralanan qazi Mirzəyev Knyazın redaksiyamıza şikayəti daxil olub.

Bizim.Media-nın Mingəçevir bürosunun verdiyi məlumata görə Yevlax rayonunun Xaldan qəsəbəsində yaşayan qazimiz Yevlax Şəhər İcra Hakimiyyətindən və digər qurumların ona olan biganəliyindən şikayətçidir.

Həmçinin Zəfər yürüşü iştirakçısı olan qazi səhhətində ciddi problemlərin  olduğunu, lakin əlillik müavinətini almaqda problemlər yaşadığını bildirib:

“Ön xəttdə olduğum döyüş zamanı ağır yaralanmışdım. Amma bir müddət sonra yenidən əməliyyatlarda iştirak etdim. Qarın nahiyəmdən çox sayda qəlpə yarası aldığım üçün ağ ciyərlərimin normal fəaliyyəti pozulub və şiddətli ağrılardan əziyyət çəkirəm, bədənimin bəzi hissələrində hələ də qəlpələr daşıyıram. Amma buna baxmayaraq, hələ də əlillik müavinətimi ala bilmirəm”.

Diqqətə çatdıraq ki, 2 uşaq atası olan qazimizin öhdəliyi təkcə öz ailəsi ilə yekunlaşmır. Yaralı olmasına baxmayaraq, onun himayəsində yaşlı anası, rəhmətə gedən qardaşının həyat yoldaşı və onun epilepsiyadan əziyyət çəkən övladı da var. Böyük ailənin tək ümidi, tək pənah yeri qazi Knyaz Mirzəyevədir.

Bu böyük ailəni saxlamaq, onların ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyini deyən qazi kommunal borcları ödəyə bilmədiyini, kömək məqsədi ilə müvafiq qurumlara müraciət etdiyini də qeyd edib:

“Kommunal ödənişləri günbəgün artır və təkcə qaz istifadəsi haqqı 400 manatı ötüb. Bununla bağlı  Yevlax Şəhər İcra Hakimiyyətinə həmçinin Qaz İstismarı İdarəsinə dəfələrlə üz tutmuşam. Yevlax şəhər İcra Hakimiyyətinin Şəhid ailələri və müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Xaliq Əliyev hər dəfə məni müxtəlif bəhanələrlə başından edib, başqa lüzumsuz ünvanlara göndərir”.

Qazimiz əlavə olaraq qeyd edir ki, qaz pulu ödənişinə yardım, yaxud güzəşt edən olmadığı üçün böyük ailə bu qışın soyuğunun qarşısını odun yanacağı ilə almaq istəyir.

Bu məqsədlə növbəti dəfə icra məmuruna bir maşın odun köməyinin göstərilməsi xahişi ilə müraciət etsə də, həmin şəxs onların odun işi ilə məşğul olmadıqlarını bildirib:

“Vallah kimsənin arxasınca danışıb ona pislik etmək kimi bir fikrim yoxdur. Sadəcə imkansızlıqdan və soyuqdan əziyyət çəkən doğmalarımın sıxıntılarına yardım göstərilməsini xahiş edirəm. Xaliq müəllim məni başından eləmək üçün hər dəfə müxtəlif bəhanələr uydurub fərqli ünvanlara yönləndirir. Məsələn, biz odun işi ilə məşğul olmuruq, get Bərdə meşə idarəsindən yardım istə deyir. Məgər o icra nümayəndəsi olaraq sağlamlığını vətən üçün qurban vermiş bir qaziyə bir maşın odun xahişini edə bilməzmi? Mən kasıb, xəstə canımla yollarda və qapılardamı qalmalıyam? Dəfələrlə xahiş etmişəm ki, məni icra başçısı ilə görüşdür ondan şəxsən kömək istəyəcəm. Əvvəllər deyirdi pandemiya var mümkün deyil. Sonradan isə müxtəlif bəhanələrlə bu müraciətimdən yayındı. İndi qalmışıq əlacsız və köməksiz.

Sağ olsun yenə rayonun vətənpərvər şəxsləri qismən də olsa bizi düşdüyümüz vəziyyətdən çıxarmağa çalışırlar. Son dəfə Yuxarı Şirvan Kanalının baş mühəndisi Əliqulu müəllimə üz tutdum, Allah onu var eləsin köməyini əsirgəmədi. Axı bizim kimi qazilər qapı-qapı gəzməməlidir”.

Məsələ ilə bağlı Bizim.Media olaraq İcra Hakimiyyəti rəsmisi Xaliq Əliyevlə əlaqə saxladıq.

O, açıqlamasında borcun tamamilə silinməsini deyil, yarı hissəsinə güzəşt oluna biləcəyini diqqətimizə çatdırdı:

"Biz qazimizin yığılmış borcunu silə bilmərik. Bunun üçün müvafiq qərar olmalıdır. Amma borcun yarısını ödəyib, yerdə qalanını hissə-hissə ödəməsini təmin edə bilərik. Əslində bu özü də güzəştin bir formasıdır, çünki mülki vətəndaşlara şamil olunmur. Bir maşın odun məsələsinə gəlincə isə bəli, Bərdə Meşə İdarəsinə müraciət etməli olduğunu məsləhət bilmişəm. Amma demişəm ki, orda səni dinləməsələr təkrar mənə müraciət elə. İcra başçısı ilə görüşmək tələbinə də hər hansı məhdudiyyət görmürəm. Başçının qapıları qazi və şəhid ailələrinin üzünə daim açıqdır”.

Qeyd edək ki , Knyaz Mirzəyev Suqovuşanın azadlığına görə “Cəsur Döyüşçü” “Qüsursuz xidmətə görə” medalları və çox sayda hərbi hissə rəhbərliyinin fəxri fərmanları ilə təltif olunub.

Ehtiram Muradov, Bizim Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO