Bir Kəlbəcər məsələsi, bir də Türklük...

Bir Kəlbəcər məsələsi, bir də Türklük...

Hazırda oxunan: Bir Kəlbəcər məsələsi, bir də Türklük...
44924
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Son iki həftə ərzində bəzi şəxsi səbəblər üzündən ictimai-siyasi proseslərə elə də zaman ayıra bilmədim. Amma bir sıra məsələlərə mütləq və zamanında münasibət bildirməyin zərurətini də anlamamış deyiləm. Ona görə də bir az gecikməylə də olsa fikirlərimi qısa paraqraflar şəklində qeyd etmək istərdim.

Aprel ayı başlayandan Kəlbəcərin daha bir işğal ildönümü ətrafında qızğın dartışmalar getdi. Özəlliklə də ANS-də yayımlanan xəbər və şərhlərdə Kəlbəcər camaatının təhqir edildiyi iddia olundu. ANS-in daimi izləyicisi olmadığım üçün bu reportajlara sosial şəbəkələr üzərindən baxmalı oldum. Baxdım və mən də tənqidçilərin sırasında yer almaq qərarına gəldim. Birincisi, Kəlbəcər caamatına ithafən “sürü” ifadəsinin işlədilməsini təhqir, eyni zamanda da jurnalist etikasının kobud pozuntusu kimi dəyərləndirmək istərdim. Digər tərəfdən də bu məsələ ətrafında gedən müzakirələrə cavab olaraq ANS-in təkrar məsələyə qayıdaraq Kəlbəcərliləri şantaj edərcəsinə “hələ bizim arxivimizdə daha nələr var” yüklü ifadələrlə özünü təmizə çıxarmağa çalışmasını da normal qəbul etmədim. Üstəlik, peşəkarlığına, təcrübəsinə, özəlliklə də sözlə işləmə bacarığına şübhə etmədiyim usta jurnalist Mirşahinin “biz Kəlbəcərlilərdən üzr istəmirik” yüklü bəyanatını normal qarşılamadım. Burada da tərəfsizlik və qərəzsizlik, peşəyə sədaqət prinsipləri istər reportajlarda, istərsə də Mirşahinin şərhində pozulmuş oldu. Çünki bütün hallarda narazılara efir verilmədi, tək qapıya oynandı və ANS əlindəki imkanlardan şəxsi mövqeyini möhkəmləndirmək üçün istifadə etdi. Bu isə, üzrlü sayın, jurnalistika deyil.

Bu reportajlardan ilki efirə getdikdən sonra ortaya çıxan narazılıqlarla bağlı sualı cavablandıran ANS rəsmilərindən Mais Məmmədovun “iradları var, qoy baxmasınlar, başqa kanala baxsınlar” deməsi isə lap gül vurmaq oldu. Bu deyim mənə bəzi aşağı kültürlü avtobus sürücülərinə irad tutduğumuzda verilən cavabı xatırlatdı: “xoşun gəlmir, düş avtobusdan, taksiylə get”. Görünür, bu cavabı verərkən Mais Məmmədov unudub ki, ANS-in yayım üçün istifadə etdiyi tezlik kimsənin atasının malı deyil, Azərbaycan xalqınındır. Əgər sən Azərbaycan xalqına aid bir tezlikdən istifadə edirsənsə, zəhmət çəkib bu xalqla da daha uyğun davranmasını öyrənəcəksən.

Ay ərzində gənc alim, çox dəyərli bilim adamı və həqiqi vətənpərvər dostumuz, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, Dos. Dr. Faiq Qəzənfəroğlunun “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” adlı monoqrafiyasının 2-ci hissəsilə bağlı səs-küylü yazılara rast gəlindi. Səbəb, həmin əsərin müəllifin mənsub olduğu elm ocağı tərəfindən rədd edilməsi, daha doğrusu, bu əsərlə bağlı ziddiyyətli fikirlərin baş alıb getməsidir. Vaxt azlığı üzündən kitabla tanış ola bilməsəm də diqqətimi maraqlı bir məqam çəkir: əsərin çapının rədd edilmə səbəbi kimi orada türk milliyyətçiliyinin qabarıq şəkildə yer alması göstərilir. Əslində, bu da qəribə bir hal sayılmaya bilərdi. Ancaq burada Prezident İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə istinad edilməsi kimi hallar olmasaydı. Düzdür, yazılarda açıq şəkildə bu adlar çəkilmir. Ancaq kuluarlarda, elmi dairələrdəki söhbətlərdə bu adların keçməsi haqqında fikirlərə rast gəlinir. Anlaşılan odur ki, monoqrafiyanın dövlət hesabına və qriflə çapını əngəlləyənlər bunu məhz Prezident İlham Əliyev və akademik Ramiz Mehdiyevlə bağlayırlar. Ki, guya onların hər ikisi türklük, türkçülük kimi istilahlara qarşıdır və belə bir kitabın çapına razı olmazdılar. Açığı, rəsmən heç bir yerdə dərc edilmədiyi üçün bu fikirlərin nə qədər doğru olduğunu deyə bilmərik. Ancaq fürsətdən istifadə edib bir məsələyə mütləq aydınlıq gətirmək istərdik.

Nə Prezident İlham Əliyev, nə də akademik Ramiz Mehdiyev heç bir zaman Türklük, Türkçülük əleyhinə fikir söyləmədi! Söyləməzlər də. Çünki onlar bir Türk dövləti olan Azərbaycanın təmsilçiləridir. Özəlliklə də Prezident İlham Əliyev Azərbaycanda Türk kimliyinin öz layiqli qiymətini alması, ümumiyyətlə isə bütün xalqların bərabər şəraitdə, dinc yanaşı yaşaması üçün əlindən gələni edir. Türk dünyasıyla bağlı bütün proseslərdə Azərbaycan dövləti (məhz Azərbaycan dövləti!) ən ön sırada yer tutur. Ölkə başçısı özü şəxsən bu proseslərdə həvəslə və ürəkdən iştirak edir. Bu da təbiidir. Çünki hələ sağlığında, özü də Sovetlərin qılıncının dalı da, qabağı da kəsən vaxtlarda Prezident İlham Əliyevin atası, Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyev Hüseyn Cavidin qəbrini açdıraraq nəşinin qalıqlarını ta İrkutskdan doğma yurdu Naxçıvana gətirtdirib sayğıyla dəfn etdirmişdi. Bu olay 1982-ci ildə baş vermişdi. Yəni elə bir dövrdə ki, kimsə Türklük adına bir addım belə ata bilməzdi! Ancaq H.Əliyev nəinki belə bir addım atmağa cürət etmişdi, həm də “turançı”, “pantürkist” adlandırılaraq 1937-ci il repressiyasına məruz qalmış, soyuq diyarlara sürgün edilərək orada məhv edilmiş Hüseyn Cavidi ölümündən sonra da olsa doğma yurduna qaytarmağı bacarmışdı. Yəni “Türklüyə qarşı” olduğu iddia edilən bir insan bunu edərdimi? Yaxud da belə bir addım atmış insanın hazırda Prezident olan oğlu Türklüyə qarşı ola bilərmi? Əsla! Bunu bəhanə edənlər, görünür, özləri Türk düşmənliyi edirlər və bu düşmənliyi hörmətli Prezidentin, akademik Ramiz Mehdiyevin adıyla bağlayaraq pərdələnirlər. Burada sadəcə bir məqamı qeyd etmək istərdim: hörmətli akademik “Xural” qəzetilə bağlı məhkəməyə müraciətində açıqca yazmışdı ki, həm də qəzet onu “antitürk” adlandırdığı üçün şikayətçidir.

Demək istədiyim odur ki, indi dostumuz Faiq Qəzənfəroğlunun əsərini dərc etməyənlər heç də Prezident İlham Əliyevi və başqa yüksək rütbəli rəsmiləri bəhanə etməsinlər. Türklük düşməniysəniz, açıq deyin, işimizi bilək!

Ötən üç həftə ərzində bəzi yüksək rütbəli məmurların haram pullarla əldə etdiyi dəbdəbəli avtomobillərlə əsgərlikdən yayınan balalarının “avtoşluq” etməsi, zərərli dini təriqətlərə qoşulan şəxslərin yüksək dövlət vəzifələrini ələ keçirib bundan öz məqsədləri üçün istifadə etməsi kimi məsələlər də diqqətimi çəkdi. Avtoş gədələr heç, ancaq bu təriqət məsələsini ayrıca bir yazıda dəyərləndirmək fikrim var. İlk imkanda, əlbəttə...


Aktual.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO