Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsindən Moderator.az-a daxil olan məlumata görə, Abşeron rayonu, Məhəmmədi
kəndində yerləşən 10 nömrəli uşaq bağçasında qidalanmanın dövlət standartına
uyğunluğu araşdırılıb. Araşdırmanı qorxunc nəticələri ilə bağlı əlaqədar
qurumun məlumatında deyilir: “Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və
Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən
Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 10 nömrəli uşaq bağçasında
qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, bağçada AZS
747 ”“ 2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə
dövlət standartı”nın tələbləri icra olunmur. Bağçada qəbul edilən ərzaq məhsullarının saxlanılması üçün
havalandırma sistemi, stellaj və paddonları, soyuducu kamerası olmayan yararsız vəziyyətdə və təmirə ehtiyacı olan
kiçik bir sahədən anbar kimi istifadə olunur. Araşdırma zamanı müəssisə rəhbərinin
yoxlamaya təqdim etdiyi qaimə-faktura və gündəlik tərtib olunan menyulardan məlum
olmuşdur ki, uşaqlara ümumiyyətlə mal əti və balıq məhsulları verilmir. Anbarda
üzərində istehsal tarixi olmayan, markalanması və qablaşdırılması standartın tələbinə
cavab verməyən toyuq əti, mənşəyi məlum olmayan kəsmik, pendir, yağ, povidla,
yararlılıq müddətinin bitməsinə az müddət qalmış makaron məmulatları, un, düyü
və qarabaşaq aşkarlanmışdır. Normativ sənədlərə müvafiq olaraq həmin məhsulların standartlara və tələblərə uyğunluğunu təyin
etmək məqsədi ilə nümunələr seçilib laboratoriyaya təqdim edilmişdir.
Həmçinin müəyyən edilmişdir ki, bağçanın mətbəxində
uşaqlar üçün yemək hazırlanması üçün lazımi şərait mövcud deyildir. Müəssisədə ərzaq
xammalı və qida məhsullarının brakeraj jurnalı mövcud deyil. Qeyd edək ki, AZS
747-2013 (bənd 3.3) dövlət standartının tələblərinə görə körpələr evi-uşaq
bağçasına daxil olan qida məhsullarının keyfiyyətinə nəzarət üçün brakeraj keçirilməlidir.
Belə ki, brakeraj məqsədilə ayrılmış xüsusi jurnalda qida məhsullarının daxil
olma tarixi və vaxtı, son satış müddəti, faktiki satış tarixi və vaxtı,
orqanoleptik qiymətləndirmənin nəticələri və.s haqqında qeydlər aparılmalıdır.
Bağçada məhsullarla yanaşı, qablar, mətbəxdə istifadə olunan qazanlar və s. bir
vannada yuyulur ki, bu da sanitariya normalarının pozulması deməkdir.
Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar müəssisə
rəhbərinə iradnamə verilmiş, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt
verilmişdir”.
Şamil



































































































