Bir qrup Bilgəh sakini Moderator.az-a müraciət edərək etirazlarını Daxili İşlər Nazirliyi rəhbərliyinə çatdırmağı xahiş ediblər. Sakinlər iddia edir ki, prezidentin avtoxuliqanlara qarşı ciddi tədbir görülməsini tapşırmasından sonra sevincləri elə də uzun sürməyib. Belə ki, bir müddətdən sonra paytaxtın mərkəzi meydanlarından perik salınan avtoşlar çıxış yolunu Bakıətrafı yeni salınmış yollarda öz “məharətlər”ini göstərməkdə görüblər. Bildirilir ki, axşam saatlarında onların sürdükləri bahalı maşınların uğultusundan təngə gəliblər. Xüsusi səsgücləndirici qurğulardan istifadə olunan və saatda 200-kilometrdən yuxarı sürətlə şütüyərək ölüm saçan bu maşınların səsindən bezən sakinlər gileylənir ki, tədbir görülməsi üçün nazirliyin müvafiq strukturlarına edilən müraciətlərə cavab verilib ki, faktın mövcudluğunu qeyd almaq üçün hökmən kimlərinsə yazılı şikayət məktubu olmalıdır. Sakinlər də deyir ki, tutaq ki, biz hansısa səbəbdən konkret adlar və maşın nömrələrini yazmırıq, bəs addımbaşı quraşdırılmış kameralar və radarlarda məgər baş verən rüsvayçılıqlar öz əksini tapmırmı? Niyə prezidentin tapşırığını şantaj edərək vətəndaşları səksəkədə saxlayan bu ərköyünlər cəzalandırılmır?
Biz də
mövzunu diqqətdə saxlayacağıq və nazirliyin, Baş Dövlət Yol Polisinin məsələyə
münasibətini öyrənib oxuculara çatdırmağa çalışacağıq.







































































































