İran hökuməti bildirib ki, bu il ölkə vətəndaşları həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına getməyəcəklər. Ötənilki Həcc ziyarətində 2426 nəfərin həlak olduğu fəlakət baş verdikdən sonra iki ölkə arasında gərginlik artan xətt üzrə inkişaf etməkdədir.
Səudiyyə Ərəbistanı İranın bu qərarını pisləyərək Tehranın mövqeyini siyasi motivli adlandırıb.
İlahiyyatçı alim Əkrəm Həsənov Moderator.az -a bildirdi ki, İranın vətəndaşlarını həccə göndərməməsi doğru deyil:
“Keçən il həcc ziyarəti zamanı xoşagəlməz hadisələr olmuşdu. Belə ki, ümumi axının əksinə hərəkət edən İran vətəndaşları dünyalarını dəyişmişdilər. Bu məsələdə İran Səudiyyəni günahlandırırdı. Səudiyyə hökuməti isə bunu təxribat adlandırmışdı. Həmçinin ümumi axının əksinə hərəkət edənlərin özlərinin günahkar olduğunu bildirmişdi. Həcc ziyarəti zamanı əgər siz bir zəvvar kimi ora gedirsizsə oranın şərtlərinə, qayda-qanunlarına riayət etməlisiz. Əgər siz ümumi qaydalara riayət etməsəniz onda özünüz zərər çəkmiş olarsınız. Bundan başqa həmin ölkədə başqa bir hadisə də baş verdi. Bildiyimiz kimi kran aşması nəticəsində zəvvarlar dünyalarını dəyişdilər. Orada tək İran vətəndaşları yox, başqa ölkə vətəndaşları da dünyasını dəyişmişdi. Belə hadisələr həmişə olmur. Bəzən xoşagəlməz hadisələr baş verir. O ki, qaldı İranın öz vətəndaşlarını həcc ziyarətindən məhrum etməsi bu düzgün deyil. Çünki həcc ibadəti də digər ibadətlər kimi vacibdir və yerinə yetirilməlidir. Ola bilər gələcəkdə iki ölkə arasında baş verən anlaşmazlıq sona çatar. Mən inanmıram ki, İranda olan müsəlmanlar Həcc ibadəti kimi ibadətdən geri qalsınlar. Ora hər zaman, elə indinin özündə də İrandan çox müsəlmanlar gəlirlər.”x9d




























































































