Anarın ad günü ilə bağlı gənclərin qarğış xarakterli diləklərini oxudum. Rəsmən kişiyə ölüm arzulayırlar. Maraqlıdır ki, gənc tənqidçilərin hamıya, ilk növbədə isə özlərinə sübut etməyə çalışırlar ki, Anar yazıçı-zad deyil. Onların yazdığının yanında Anarın yazdıqları boş şeydir...
Şübhəsiz ki, gənclərin Anara ünvanlanan tənqidlərinin müəyyən məqamları ilə razılaşmaq lazımdır. Xüsusən, Anarın it ilindən indiyə kimi AYB sədri olması çox ayıb bir şeydir. Mənim düşüncəmə görə AYB bütün rəhbərliyi hər 3-4 ildən bir mütləq dəyişməlidir...
Ancaq Anar yazıçı deyil deyənlər son dərəcə qərəzli adamlardır. Amma bununla da qismən razılaşmaq olar. Bir misal çəkim. Bir dəfə rəhmətlik Bəxtiyar Vəhabzadə gileyləndi ki, bəziləri deyir ki, Bəxtiyar Vəhabzadə şair deyil. Heç olmasa desinlər ki, Bəxtiyar Vəhabzadə zəif şairdir. Yoxsa, ümumiyyətlə, şair deyil, nə deməkdir?...
Bəxtiyar müəllimin sözü olmasın, heç olmasa deyin ki, Anar zəif yazıçıdır. Bəlkə də fərqində deyilsiz, “Anar yazıçı deyil”x9d, söyləməklə Allahsızlıq edirsiz. Belə iddiada bulunanlar özlərini cığal uşaq kimi aparırlar...
O da maraqlıdır ki, belə bəyanatları sağa-sola səpələyənlər özlərini elə aparırlar ki, guya şeşi-beş ediblər. Qardaşım, az qala 7 milyard insanın yaşadığı bu dünyada Azərbaycanın nəinki yazıçısını, heç özünü tanımırlar. Niyə özünüzü aldadırsız. Azərbaycan yazıçıları hələ məhəlli sularda üzürlər...
Daha önəmli bir məqama toxunum. Mən də Anarı dəfələrlə tənqid etmişəm. Ancaq mən heç vaxt deməmişəm ki, Anar yazıçı deyil. Belə bir söz deyən adam mənim nəzərimdə sadəcə gopçudur...
Bəs mən Anarı niyə tənqid etmişəm? Çünki Azərbaycanı xaraba qoyublar, amma Anardan səs çıxmayıb. Azərbaycanda yüzdən çox siyasi məhbus var. Anar susur. Azərbaycanda prezident konstitusiyanı dəyişib, 3-cü dəfə özünü prezident elan edib, Anar burnunu qurdalayıb, parlament seçkiləri saxtalaşdırılıb, Anar başını qaşıyıb, və s. Təbii ki, Anar belə şeylərə etiraz etsə idi İlham Əliyev onu AYB-dən çoxdan qovdurmuşdu...
O da faktdır ki, Anara dodaq büzənlərin böyük əksəriyyəti sadaladığım məsələlərlə bağlı özləri də susurlar. Ona görə də vurğuladığım müstəvidə Anarı ittiham etmirlər..
.
Deyin ki, Anar xalqın yanında deyil, şəxsi maraqları naminə sülalənin törətdiyi cinayətlərə göz yumur. Deyim ki, haqlısız...
Özü də bu məsələ Anarla yekunlaşmır. Azərbaycan yazıçılarının böyük əksəriyyəti iqtidarın qarşısında gözükölgəlidir. Elə adın çəkdiyim Bəxtiyar Vəhabzadə, Əkrəm Əylisli də bu məsələdə Anarla ortaqdır. Yəni, yazıçılarımız özlərini xalq üçün fəda etmək düşüncəsindən çox uzaq olublar. Haqsızlığa etiraz etməkdən qorxublar.
O da etiraf olunmalıdır ki, bütövlükdə ziyalılarımız qorxaqdır...
Ən pisə isə odur ki, Anarı söyənlər də qəhrəman deyil. Bir çox parametrlər baxımından isə Anara böyük hesabla uduzurlar...
Elbəyi Həsənli, İsveçrədə mühacirətdə olan tanınmış jurnalist































































































