Şimal məktəblərində İSTİLİK PROBLEMİ – Xaltanlı şagirdlərin səsi təhsil idarəsinə niyə çatmır?

Hazırda oxunan: Şimal məktəblərində İSTİLİK PROBLEMİ – Xaltanlı şagirdlərin səsi təhsil idarəsinə niyə çatmır?

107146

Qubanın rayon mərkəzindən 70 km aralıda yerləşən dağlıq Xaltan kənd məktəbində sinif otaqlarının qızdırılması hər il problemə çevrilir. Qaz yoxdur, məktəb özü odun tədarük edə bilməz. Yalnız təhsil şöbəsinin verdiyi biokömür-odunla qızınmaq olar. Mədəni səslənsə də bundan “Fatıya tuman olmur”. Məktəb gah qızdırlır, gah da bu mədəni odunla heç nə əmələ gəlmir. 

Şəhid Teymur Şahbazov adına Xaltan tam orta məktəbin direktoru İlham Seyfəddinov da Bizim.Media-ya təsdiqləyib ki, biokömür-odunla Qubanın ən sərt təbiətli kəndində sinif otağı qızdırmaq mümkün deyil. 

“Bu barədə şagirdlər təhsil şöbəsinə də  şikayət ediblər, məsələyə yenidən baxılacağı bildirilib. Dərs zamanı Xaltan məktəbində şagirdlərin paltolu və gödəkcəli oturması valideynləri də narahat edir. Buna bir əncam çəkilməlidir. Adı yaxşı səslənə bilər, amma bu odun can isitmir”.
Qusarın dağlıq zonasında yerləşən şəhid Atabala Ağabalayev adına Kuzun kənd tam orta məktəbi isə dizel yanacağı ilə qızdırılır. Məktəbin direktoru Zakir Zərbəliyev hələlik hər hansı problem yaşanmadığını bildirib. Amma dizel yanacağı ilə qızdırılan məktəblərdə də sərt qış aylarında müəyyən problem yaşanır. Çünki dizel yanacağı böyük məktəblər üçün o qədər də effektli deyil.

Quba-Xaçmaz regional təhsil idarəsinin təsərrüfat-istismar qrupunun rəhbəri Tamerlan Nəcəfov Bizim.Media-ya idarəyə daxil olan 5 şimal rayonunda 413 məktəbin dizel yanacağı odun yanacağı (biokömür-odun kömür də bura daxildir), elektrik, kombi sistemi ilə və qazla  qızdırıldığı məlumatını verib. Onun sözlərinə görə görə şimal bölgəsinin Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında 175 məktəb odun, 37-si dizel yanacağı və 42 -si elektriklə qızdırılır.

Tamerlan Nəcəfovun sözlərinə görə, odunla qızdırılan məktəblərin yerləşdiyi kəndlərin bəzilərində qaz xətti olsa da texniki şərt olmağından təhsil ocaqlarına təbii qaz xətti çəkilməyib.

Qrup rəhbəri onu da məlumat verdi ki, Quba-Qusar rayonlarının 7 məktəbində odun yanacağı ilə təminatda müəyyən problemlər səbəbindən bir qədər gecikmə qeydə alınıb. Hazırda həmin məktəblərdən ikisinə yanacaq çatdırılıb. Qalan 5 məktəbə də odun yanacağı həftə ərzində tam çatdırılacaq. 

Tamerlan Nəcəfov onu da açıqlayıb ki, hansısa ucqar kənddə odun kömürü ilə siniflərin tam qızdırılması nəticə verməzsə, həmin məktəbə odun yanacağı verilə bilər. Bu mənada Xaltan məktəbi məsələ qaldırsa, problem həll ediləcək.

Amma xatırladaq ki. Xaltan məktəbliləri problemi çoxdan qaldırıblar və həllini gözləyirlər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO