Heydər Əliyev siyasi fəaliyyəti boyu Azərbaycanın dövlətçilik tarixini təbliğ etməklə yanaşı, adət-ənənlərini, milli dəyərlərə sadiqliyini, xalqımızın dünya elmi və mədəniyyətinə verdiyi töhfələrə də diqqət çəkirdi. Ulu öndər hesab edirdi ki, hər şeydən öncə Azərbaycan gəncliyi qədim adət-ənənlərimizi bilməli, xalqımızın dünya elminə, dünya mədəniyyətinə necə böyük dəyərlər, necə zəngin nümunlər bəxş etdiyini bilməlidir. Yalnız bu halda gənclik öz milli dəyələrinə sahib çıxa, onu təbliğ edə, gələcəyə apara bilər.
Ümummilli lider hesab edirdi ki, XX əsr Azərbaycan xalqının həyatında bir çox təbəddülatlarla yadda qalsa da, məhz bu əsrdə ölkədə kütləvi savadlanma prosesi getmiş, Azərbaycanın bir çox ziyalıları dünya miqyasında şöhrət qazanmışdır. Hansı ki, onlardan bu gün də dünyanın müxtəlif yerlərində sevgi və ehtiram hissi ilə bəhs olunmaqda, hörmətlə yad edilməkdədir.
Heydər Əliyev 9 fevral 1994-cü ildə Türkiyə Böyük Millət Məclisindəki çıxışında bu gerçəkliyə diqqət çəkərək demişdir:
“Bu da tam həqiqətdir ki, XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər. Bununla yanaşı, həmin dövrdə Azərbaycan Respublikasının, Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri də bundan ibarətdir ki, onun bilik səviyyəsi yüksəlmiş, Azərbaycanda savadsızlıq ləğv edilmişdir. Respublika ərazisindəki bütün təhsil ocaqları xalqı savadlaşdırmaq, onun bilik səviyyəsini yüksəltmək üçün hər cür imkanlara malik olmuşdur”. (Heydər Əliyev “Müstəqilliyimiz əbədidir” Birinci kitab. Bakı, Azərnəşr. 1997, 612 səh. Səh-367-368).
Ümummili lider hesab edirdi ki, Azərbaycan xalqının böyüklüyü onun həm də dünya miqyaslı böyük ziyalılara sahib olması ilə bağlıdır. Heydər Əliyev bildirirdi ki, Azərbaycan xalqı bəşəriyyətə dünya miqyaslı ziyalılar, mədəniyyət xadimləri bəxş edən xalqdır. Hansı ki, bu amil Azərbaycan xalqının nə qədər böyük istedada malik olduğunu sübut edir. Bu gerçəklik həm də onu göstərir ki, Azərbaycan xalqı, onun ziyalıları, mədəniyyət xadimləri dünya mədəni irsinin zənginləşməsinə böyük töhfələr verib, öz ismini mədəni xalqlar sırasına qızıl hərflərlə yazdırıb.
Ulu öndər 1994-cü ilin 9 fevral tarixində Bilkənd Universitetindəki çıxışında Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük şəxsiyyətlər haqqında demişdir:
“Azərbaycanın böyük tarixi var. Bu tarix çox ağır mərhələlərdən keçmişdir. Lakin bunlar Azərbaycanın nə mədəniyyətini, nə elmini, nə də ənənələrini heç vaxt sarsıda bilməmişdir. Bir təsəvvür edin, 70 il ərzində Azərbaycan Sovetlər Birliyinin tərkibində olmuş, kommunist ideologiyası ilə yaşamış, sosializm qurmağa çalışmışdır. Buna baxmayaraq, bütün bu illər ərzində Azərbaycan xalqının dili nəinki yaşamış, hətta inkişaf edib zənginləşmişdir. Mədəniyyətimiz yüksək zirvələrə qalxmışdır. Əsrin əvvəlindən bu günədək olan müddəti götürsək görərik ki, həmin dövrdə Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev kimi görkəmli bəstəkarlar yetişmişdir. Şərqdə ilk opera Üzeyir Hacıbəyovun dühası ilə yaranmışdır. Bir sözlə, Azərbaycanda professional musiqi mədəniyyəti təşəkkül tapmışdır. Demək istəyirəm ki, bu ictimai-siyasi quruluş, iqtisadi sistem xalqın mədəniyyətinə nəinki zərər vura bilməmiş, əksinə, bu sistemdə mədəniyyətimiz çox inkişaf etmiş və irəliləmişdir. Azərbaycan elmi çox irəliyə getmiş və özünün nə qədər qüdrətli və güclü olduğunu bütün dünyaya göstərmişdir”.
Ulu öndər bildirirdi ki, Azərbaycan xalqı hətta sovet dönəmində belə öz milli adət-ənənəsinə, milli kimliyinə sadiq qalıb, öz tarixini, adət-ənənəsini qoruyub saxlamağı bacarıb. Xalqımızın bu fədakarlığı onun öz kökünə, milli dəyələrinə nə qədər bağlı olduğunu göstərir: “Bütün bunlar onu göstərir ki, hətta bizə uyğun olmayan və indi rədd etdiyimiz sosialist, kommunist quruluşu şəraitində də Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır. Xalqımız həmin dövrdə qazandığı nailiyyətlərdən indi, müstəqilliyə nail olduğu dövrdə geniş istifadə etmək imkanına malikdir”. (Heydər Əliyev “Müstəqilliyimiz əbədidir” Birinci kitab. Bakı, Azərnəşr. 1997, 612 səh. Səh-367-368).
Heydər Əliyev Birinci Qarabağ müharibəsinin gedişində - ölkəmizin həm hərbi, həm iqtisadi, həm də siyasi müstəvidə ölüm-dirim mübarizəsi ortaya qoyduğu bir dönəmdə də milli adət-ənənələrə sadiqliyə xüsusi fikir verir, milli bayramların qeyd edilməsini diqqətdə saxlayırdı. Ulu öndər hesab edirdi ki, yenicə müstəqillik əldə edən dövlətin vəziyyəti nə qədər mürəkkəb olsa da, adət-ənənlər, milli tarix və soykökünə bağlılıq unudulmamalı, onların qeyd edilməsi və təbliği istiqamətində mütəmadi addımlar atılmalıdır. Bu baxımdan Ulu öndər 1994-cü il martın 12-də Orucluq bayramı münasibəti ilə xalqa ünvanladığı təbrikində milli dəyərlərə bağlılığın əhəmiyyətini qeyd edir, xalqı bu dəyərlər ətrafında birləşməyə, dövlətimizin inkişafına töhfə verməyə çağırırdı.
Heydər Əliyev 1994-cü il martın 14-də Orucluq bayramı münasibəti ilə müqəddəs yerləri ziyarət etmişdir. Heydər Əliyev ziyarətlər əsnasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsinin önəmini vurğulamış, qeyd etmişdir ki, məhz müstəqillik xalqımıza öz taleyinə sahib çıxmağa, milli adət-ənənələrini, tarix və mədəniyyətini inkişaf etdirməyə imkan vermişdir.
Heydər Əliyev minilliklərdən süzülüb gələn Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsini də vacib sayır, bu bayramı erməni işğalına qarşı mübarizə fonunda belə təntənə ilə qeyd edirdi. Ulu öndər 1994-cü ilin 20 mart tarixində Novruz bayramı münasibəti ilə xalqa müraciətində bu bayramın önəmindən bəhs etməklə yanaşı, cəbhədə erməni işğalına qarşı mübarizə aparan döyüşçüləri, bu yolda həyatını qurban verən şəhidləri də yada salırdı:
“Azərbaycan xalqı milli azadlığa nail olmuşdur. Azərbaycan müstəqil dövlətdir, dünya birliyi tərəfindən tanınmış və bu birlikdə layiqli yerini tutmuşdur. Qədimdən bəri qeyd etdiyimiz Novruz bayramı indi Azərbaycan Respublikasının dövlət bayramıdır. Lakin biz bu il də Novruz bayramını ağır və çətin şəraitdə keçiririk. Respublikamız erməni silahlı qüvvələrinin təcavüzünə məruz qalmış, təcavüz nəticəsində ərazimizin bir qismi işğal olunmuş və bir milyondan artıq vətəndaş isə elindən, obasından didərgin düşmüşdür, qaçqın vəziyyətindədir.
Xalqımız öz Vətənini, torpağını qorumaq üçün hazırda qanlı döyüşlər aparır. Müharibə davam edir. Neçə- neçə qəhrəman döyüşçülərimiz, qeyrətli oğullarımız bu döyüşlərdə torpağımızı, Vətənimizi müdafiə edərək şəhid olmuşlar. Bu bayram axşamında mən şəhid olmuş övladlarımızı yad edir və onların ruhu qarşısında baş əyirəm. Mən xalqımızı əmin edirəm ki, şəhidlərin xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Vətən bu fədakarlığı heç vaxt unutmayacaqdır!” (Heydər Əliyev “Müstəqilliyimiz əbədidir” Birinci kitab. Bakı, Azərnəşr. 1997, 612 səh. Səh-482-483).
Heydər Əliyev ziyalılara xalqın milli sərvəti kimi baxır, onların xalqın həyatında, mübarizə tarixindəki rolunu yüksək qiymətləndirirdi. Ulu öndər bildirirdi ki, əgər ziyalılar olmasaydı, o zaman xalqın öz kökü, milli mənəvi dəyərlərinə bağlı şəkildə mövcudluğunu davam etdirməsi də mümkün olmazdı. Məhz ziyalılar xalqın adət-ənənələrinin, milli dəyərlərinin yaşadılmasında, təbliğində həyati rol oynayır, bu dəyərlərin əsrdən-əsrə keçərək yaşamasını təmin edir.
Ulu öndər ziyalıları xalqlaırn azadlığının, dövlətlərin müstəqilliyinin avanqard qüvvəsi hesab edirdi. Ümummilli liderin qənaətincə, ziyalılarsız hansısa xalqın müstəqillik əldə etməsi sadəcə mümkün deyil. Bu baxımdan Heydər Əliyev Azərbaycanın əldə etdiyi müstəqilliyi daha çox ziyalıların əməyi kimi qiymətləndirir, onların bu məsələdəki xidmətlərini olduqca yüksək qiymətləndirirdi. Heydər Əliyev 9 fevral 1994-cü il tarixində Türkiyənin Bilkənd Universitetinin İdarə Heyətinin sədri İhsan Doğramaçı ilə görüşündə demişdir: “Əgər xalqlarımız əsrlər boyu yaşayıblarsa, mübarizə apararaq öz mənliyini qoruya biliblərsə, öz milli xüsusiyyətlərini itirməyiblərsə, böyük mərhələlərdən keçərək indi müstəqil xalq kimi, dövlət kimi yaşayırlarsa, bütün bunlara görə xalqlarımız öz içərisindən çıxan mütəfəkkirlərə, yazıçı və şairlərə, bəstəkarlara, rəssamlara, memarlara, alimlərə minnətdardırlar. Böyük iftixar hissilə demək olar ki, xalqlarımız bu sahədə çox zəngindirlər. Bu zənginlik xalqlarımızda milli ruhu, milliliyi, milli ənənələri yaşadıb, nəsildən-nəsilə keçirib, bu günə gətirib çıxarmışdır”.
Göründüyü kimi, Heydər Əliyev cəmiyyətin, xalqın əsas gücünü onun ziyalılarında görürdü. Ziyalılar, elm və mədəniyyət xadimləri, yazıçı və ədiblər Ulu öndərə görə xalqın ruhunun, milli dəyərlərinin keşiyində dayanan “əsgərlər” idi və bu “əsgərlər” dövlətin sərhədlərini qoruyan, onun təhlükəsizliyini təmin edən əsgərlərdən heç də az əhəmiyyət daşımırdı. Məhz buna görə də Heydər Əliyev mənəviyyat keşikçiləri olan bu “əsgərləri” qorumağın, onların zəhmətini layiqincə qiymətləndirməyin vacibliyini qeyd edirdi. Və bu gün – Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Ulu öndərin ziyalılarla bağlı səsləndirdiyi fikirlərdə nə qədər haqlı olduğu bütün əzəməti ilə dərk olunmaqdadır. Şübhəsiz, Azərbaycan xalqı Ümummili ldierin bütün tövsiyələri kimi bu tövsiyəsini də heç zaman untumayacaq, hər bri addımında bu tövsiyəyə sadiqliyini nümayiş etdirəcək.
Seymur ƏLİYEV
Moderator.az


Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.8. istiqaməti üzrə (Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği) hazırlanmışdır.






































































































